Mübariz Mənsimovun Azərbaycandakı vergi cinayətləri – Onu kim gizləyir?

0
338

Türkiyədə həbsdə olan “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ən müxtəlif cinayətlərdə ittiham olunur. Mediada yayılan xəbərlərə görə, o, terror təşkilatları ilə əlaqə, vergi cinayətləri, maliyyə maxinasiyaları, casusluq, dələduzluq və digər qanunazidd əməllərdə günahlandırılır. Bu yazıda Mənsimovun vergi cinayətləri barədə qısa araşdırma təqdim edəcəyik.

“Palmali” şirkətinin maliyyə cinayətləri ilə bağlı ilk qalmaqallı xəbərlər 2015-ci ilin sonlarından yayılmağa başladı. Bildirilirdi ki, uzun illər Azərbaycanda əyri yollarla pul qazanmağı bacaran M.Mənsimovun Rusiya dövlətinə külli miqdarda vergi borcu var. 2016-cı ilin əvvəlində onunla bağlı rəsmi cinayət işi açıldı.

Şirkət 1,3 milyard rubl vergidən yayınmaqda günahlandırılırdı. Rusiyanın Rostov-na-Don vilayətində “Palmali Holding” məhkəməyə verildi. Mənsimov qazancının az olduğunu göstərərək, ödənməsi lazım olan 1,3 milyard rublu ödəməmişdi.

Vergidən yayınmaq üçün “Palmali”nin sənədlər üzərində saxtakarlıq etdiyi ortaya çıxmışdı. Belə ki, şirkət rəhbərinin 2010 və 2011-ci illərdə gəlir bəyannaməsində dəyişiklik etdiyini iddia olunurdu. Gəlir nisbətini vergi dairəsinə səhv bildirən şirkətin 2010-ci ildə 881 milyon rubl, 2011-ci ildə isə 401 milyon rubl az vergi ödədiyi ortaya çıxmışdı.

O zaman “Moskovskiy Komsomolets” qəzeti yazırdı ki, M.Mənsimovun əməlləri səbəbindən Rusiyanın dövlət büdcəsi on milyonlarla dollar vəsait itirib. Qəzet Mənsimovun daha bir fırıldağı barədə geniş araşdırma materialı təqdim etmişdi.

Sənədlərə görə, 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Şirketi” Rusiyadakı firmanı satmağı qərara alıb. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edib. Və hər iki şirkətin sahibi M.Mənsimov olub. “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən, “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasında “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Şirketi” 2013-cü ildə “Palmali Holding Co. Ltd”dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı – 40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-də imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz – 6,1 milyon dollara satıldığı göstərilir.

Nəticədə, Türkiyə şirkəti Rusiya büdcəsinə 44,8 milyon dollar vergi ödəməli olduğu halda, cəmi 1,22 milyon dollar ödəyib. Bu fırıldaqdan yalnız bu sahə üzrə ixtisaslaşmış “mütəxəssislər” baş aça bilər.

Qarışıq bir oyun, peşəkar bir əməliyyat və dövlətə 44 milyon dollar həcmində vergi tələsi. Mənsimov bu günə qədər həmin borcu qaytarmayıb.

Buna baxmayaraq, Rusiya ondan həmin pulları geri tələb edir. Bu günlərdə rusiyalı politoloq demişdi ki, Mənsimovun iri məbləğdə törətdiyi vergi cinayətləri nə onun özü üçün, nə də Rusiya büdcəsi üçün təsirsiz ötüşüb:

“2012-2013-cü illərdə Rusiyada iş adamları kütləvi şəkildə vergidən yayınmaq üsullarından yararlanırdı. İndi də bütün bunlar məntiqi nəticəyə gətirib çıxarır. Türkiyəli iş adamı da, sadəcə, vəziyyəti başa düşməyib və məncə, yerinə yetirə bilməyəcəyini bilə-bilə öhdəliklər götürüb, yəni açıq-aşkar dələduzluqla məşğul olub”.

M.Mənsimovun həm ayrı-ayrı dövlətlərlə, həm də böyük şirkətlərlə pul davaları həmişə olub. Bu barədə mediada dəfələrlə yazılıb. Onun azərbaycanlı maqnat Vahid Ələkbərovun “Lukoil” şirkətinin törəməsi olan “Litasco” treydinq şirkəti ilə iki milyard dollarlıq qalmaqalı, SOCAR-la 14 gəmi mübahisəsi yaxın keçmişdə baş vermiş hadisələrdir.

Həmçinin, “Palmali” MMC 2013-2014-cü illərdə aşağıdakı məbləğlərdə kreditlər almışdı: illik 6.7 faiz olmaqla, 54 milyon dollar, illik 7 faiz olmaqla, 104 milyon dollar, illik 6 faiz olmaqla, 60 milyon dollar. İlk iki kreditin ödənilməsi üçün 134 ay, sonuncu üçün 130 ay vaxt qoyulmuşdu. Bu kreditlərin də taleyi digər borclardan fərqlənmədi.

Belə bir imici olan şəxs barədə “Nezavisimaya qazeta” yazırdı:

“İstənilən biznes, xüsusən də böyük və ciddi biznes şirkətin imicinə əsaslanır. Buna dünyada belə deyirlər: “Siz mənim sözümü götürüb banka qoya bilərsiniz”. Mübariz Mənsimovun sözü isə, bu gün belə təəsürat yaranır ki, heç əzik quruşa da dəymir”.

Dünyanın bir çox ölkələrinin məhkəmələrində adı ağır cinayətlər və vergi maxinasiyalarında keçən Mübariz Mənsimov İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən həbs edilərkən ənənvi şantaj üsulunu seçdi. Baxmayaraq ki, dünyanın ən iri şirkət və dövlətləri onunla bağlı məhkəmələrə müraciət etmişdi, o, həmin qarşıdurmada olduğu qurumları deyil, Azərbaycanı hədəfə aldı. Halbuki bu vaxta qədər Azərbaycanda Mənsimov barədə rəsmi olaraq heç bir iddia olmamışdı. Görünür, onunla bağlı Azərbaycanda da ciddi istintaq hərəkətlərinin başlanmasının vaxtı yetişib.

Bunun üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Mənsimovun Azərbaycanda illik dövriyyəsi milyonlarla dollarla ölçülən şirkətləri fəaliyyət göstərirdi. Amma onun yaxın dostu – keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsi ilə ölkədə külli miqdarda vergidən yayına bilirdi. Vergilər Nazirliyinin ozamankı üzüyola rəhbərliyi isə özlərində məmur və oliqarxların vergiyə cəlb olunması üçün heç bir cəsarət tapa bilmirdilər. Onlar kiçik və arxasız iş adamlarını soymaqla məşğul idilər.

M.Mənsimovun 2015-ci ilə kimi Azərbaycandakı iqtisadi fəaliyyəti, onun sahibi olduğu şirkətlərin nə qədər vergidən yayındığını bu gün araşdırıb ortaya çıxarmaq, ola bilsin ki, çətindir. Amma mümkündür. Bu dələduz biznesmen töküntüsündən hesab sormaq zamanı çatıb. Özünü “xalq adamı” kimi sosial şəbəkədə kiçik bir qrupa sırımağı bacaran Mahmudovun ən sevimli agentinin əməlləri barədə geniş ictimaiyyətə faktlarla açıqlama verilməsi, hüquqi prosedurun başlanılması və Azərbaycanın istintaq orqanlarının Türkiyə istintaq orqanları ilə bu şəxslə bağlı əməkdaşlıq etməsinə ciddi ehtiyac yaranıb.

Zaman-zaman Mənsimov Azərbaycanda özəl sektorun inkişafına böyük töhfə verdiyini iddia edir. Özündənrazı bu adam barədə detallı araşdırma aparılarsa, onun özəl sektora, əslində, hansı səviyyədə zərbə vurduğu ortaya çıxacaq.

Bu zərər pula çevrilərsə, o zaman Rusiyadakı vergi borcunu dəfələrlə üstələyəcəyi şübhəsizdir. Xaraktercə dələduz olan şəxslər heç vaxt vurduqları zərəri ödəmək iqtidarında olmurlar.

Bu gün M.Mənsimov da həmin durumdadır. Onun borclu olduğu məbləğlər real imkanından min dəfələrlə çoxdur. Belə bir durumda həbs cəzası qaçılmazdır. Azərbaycan onun ölkəyə vurduğu zərəri necə kompensasiya edə bilər? Bu barədə düşünməyə ehtiyac var.