İnsult riskini 50% artıran içki: Həkimlərdən xəbərdarlıq

27 ölkədə aparılan genişmiqyaslı araşdırma məşhur bir içki ilə insult arasında diqqətçəkən əlaqə olduğunu ortaya qoyub.

Beynəlxalq tədqiqat zamanı təxminən 26 min insanın məlumatları təhlil edilib. Nəticələr spirtli içki qəbulunun xüsusilə beyindaxili qanaxma ilə nəticələnən insult növünün riskini əhəmiyyətli dərəcədə artırdığını göstərib.

İnsult beynə qan axınının pozulması nəticəsində yaranır. İşemik insult damarların tutulması səbəbindən, hemorragik insult isə beyində qanaxma nəticəsində meydana gəlir.

Araşdırmaya görə, spirtli içki qəbul edən insanlarda beyindaxili qanaxma riski təxminən 50 faiz daha yüksəkdir. İşemik insult zamanı isə risk artımı daha aşağı – təxminən 14 faiz təşkil edib.

Tədqiqatçılar müxtəlif spirtli içkilərin təsirini də müqayisə ediblər. Xüsusilə pivə istehlakı ilə insult riskinin artması arasında əlaqə müəyyən edilib. Bu əlaqənin orta səviyyədə istehlak zamanı belə müşahidə olunduğu bildirilib.

Şərab istehlakı ilə bağlı isə oxşar təsir aşkar edilməyib. Lakin alimlər bunun şərabın insultdan qoruduğu və ya digər spirtli içkilərdən daha təhlükəsiz olduğu anlamına gəlmədiyini vurğulayırlar.

Mütəxəssislərin fikrincə, insult riski yalnız spirtli içki qəbulu ilə müəyyən olunmur. Yaş, qan təzyiqi, siqaret, artıq çəki, qidalanma və digər amillər də xəstəliyin inkişafında mühüm rol oynayır.

Araşdırma spirtli içki ilə insult arasında statistik əlaqəni göstərir və konkret bir içkinin xəstəliyə birbaşa səbəb olduğunu sübut etmir. Bununla belə, nəticələr xüsusilə beyindaxili qanaxma baxımından spirtli içki qəbulunun sağlamlıq üçün risksiz olmadığını göstərir.