Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? – ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib.

Milli.Az xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarının təhlili əsasında əldə olunub. İştirakçılar 42 ilədək izlənilib.

Araşdırmaya görə, 35-65 yaş arasında piylənməsi olan şəxslərdə sonrakı illərdə demensiya riski normal çəkidə olanlarla müqayisədə 33 faiz daha yüksəkdir.

Mütəxəssislər piylənmənin yalnız ürək-damar sistemi və maddələr mübadiləsinə deyil, beynin yaşlanmasına da təsir göstərə biləcəyini bildirirlər.

Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının nevroloqu, dosent Hatice Ömercikoğlu Özden piylənmə ilə Alzheimer və demensiya arasında əlaqəyə dair güclü elmi məlumatların olduğunu qeyd edib.

2026-cı ilin sentyabrında “Nature Reviews Neurology” jurnalında dərc olunan geniş araşdırmada da orta yaşda piylənmənin beyin sağlamlığına təsiri araşdırılıb. Məlum olub ki, piylənmə yaddaşla yanaşı, planlaşdırma və qərarvermə ilə əlaqəli beyin bölgələrində də dəyişikliklərlə əlaqələndirilir.

Özdenin sözlərinə görə, beyin görüntüləmələrində yaddaş, planlaşdırma və qərarvermə ilə bağlı sahələrdə dəyişikliklər müşahidə olunub.

Mütəxəssis piylənmənin beynin daha sürətli yaşlanmasına səbəb ola biləcək mühüm risk faktorlarından biri olduğunu vurğulayıb.

2025-ci ildə yayımlanan başqa bir beyin görüntüləmə araşdırmasında da piylənməsi olan insanların beyninin bioloji yaşının normal çəkidə olan şəxslərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib. Fərqin xüsusilə 40-60 yaş arasında daha nəzərəçarpan olduğu bildirilib.

Araşdırmalarda həmçinin sonradan arıqlamağın beyində yaranmış dəyişikliklərə təsiri də araşdırılır. Lakin mütəxəssislər bu məsələdə qəti nəticəyə gəlmək üçün hələ kifayət qədər məlumat olmadığını bildirirlər.

Bununla belə, piylənmənin nəzarət altına alınmasının gələcəkdə beyin sağlamlığı və koqnitiv funksiyalar baxımından müsbət nəticələr verə biləcəyi qeyd edilir.