Böyrək xərçənginə qarşı tarixi uğur: ABŞ-da hazırlanan peyvənd 100% nəticə verdi!…-“NATURE”

ABŞ alimləri xərçəng xəstələrinin immun sisteminə şiş hüceyrələrini tanımaq və məhv etmək qabiliyyəti qazandıran fərdiləşdirilmiş yeni peyvənd hazırlayıblar.

Yel(Yale) Universiteti və Harvard Tibb Məktəbinin “Dana-Farber” Xərçəng İnstitutunun tədqiqatçıları tərəfindən aparılan erkən mərhələ klinik sınaqların nəticələri nüfuzlu “Nature” jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində bədxassəli böyrək xərçəngi (açıq hüceyrəli böyrək karsinası) diaqnozu qoyulmuş 9 xəstə (7 nəfər III mərhələ, 2 nəfər IV mərhələ) üçün xüsusi peyvəndlər hazırlanıb. Bu preparatlar tamamilə fərdi xarakter daşıyır və xəstələrin öz şişlərindən götürülmüş unikal zülal fraqmentləri — neoantigenlər əsasında hazırlanıb.

3 İldən çox davam edən 100%-lik qoruma…

Şişlərin cərrahi yolla çıxarılmasından sonra aparılan monitorinqlər inanılmaz nəticə verib. Orta hesabla 3 il 4 ay (40 ay) davam edən müşahidə müddətində xəstələrin heç birində xərçəng yenidən qayıtmayıb (residiv qeydə alınmayıb).

Laboratoriya testləri göstərib ki, bütün iştirakçılarda peyvəndə qarşı bir neçə il davam edən güclü immun cavabı formalaşıb. Xəstələrin 7-sində peyvənd vasitəsilə aktivləşən T-hüceyrələri canlı xərçəng hüceyrələrini uğurla tanımaq və onlara hücum etmək qabiliyyəti nümayiş etdirib. Sınaq zamanı 5 xəstə peyvəndlə yanaşı “İpilimumab” adlı immunoterapiya preparatı qəbul edib, 4 nəfərə isə yalnız peyvənd vurulub. Preparatın ciddi hər hansı bir fəsadı aşkarlanmayıb; ən çox rast gəlinən yan təsirlər yalnız iynə vurulan yerdəki yerli reaksiyalar və qısamüddətli qripəbənzər əlamətlər olub…

Alimlər ehtiyatlı davranmağa çağırır…

Nəticələrin böyük ümid verməsinə baxmayaraq, layihənin həmmüəllifləri Devid Braun və Toni Şueyri hələlik eyforiyaya qapılmamağı və ehtiyatlı olmağı tövsiyə edirlər:

“Xəstələrin sayının az olmasını və müqayisə üçün kontrol qrupunun olmadığını nəzərə alsaq, residivlərin qarşısını məhz bu peyvəndin aldığını mütləq şəkildə iddia edə bilmərik.”

Peyvəndin effektivliyini tam təsdiqləmək üçün hazırda daha genişmiqyaslı və təsadüfi seçimə əsaslanan tədqiqatlara start verilib. İndi mRNP (mRNA) texnologiyasına əsaslanan fərdi peyvəndin immunoterapiya ilə kombinasiyada sınaqdan keçirildiyi “INTerpath-004” adlı irimiqyaslı beynəlxalq kliniki araşdırma davam edir…