“Səkkiz noyabrda toydadı vətən”və yaxud Zəfər sevinci ilə yoğrulmuş bir şeir

“Olaylar” qəzetində Fəxrəddin Teyyubun “Səkkiz noyabrda toydadı vətən” şeirini oxuyanda dərin bir duyğunun, vətən sevgisinin, milli qürurun təsiri altına düşdüm. O misralar elə bil mənim içimdən keçdi, hər kəlməsi yaddaşıma, ürəyimə yazıldı. Həmin an anladım ki, bu şeir sadəcə poetik mətn deyil, bir xalqın tarixini, acısını, sevincini və qürurunu daşıyan canlı bir sənəddir.
Fəxrəddin Teyyub uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, xalqına və dövlətinə sadiqliklə xidmət etmişdir. Həm peşəsində, həm də həyatında dürüstlük və prinsipiallığı ilə tanınan bir şəxsdir. O, sözündə bütöv, dostluqda sadiq, xasiyyətcə mərd və etibarlı insandır. Bu bütövlük onun yaradıcılığında da öz əksini tapır. Şeirlərində həm təmizlik, həm vətənpərvərlik, həm də insani keyfiyyətlər duyulur.
“Səkkiz noyabrda toydadı vətən” şeiri Fəxrəddin Teyyubun yaradıcılığında xüsusi yer tutur. Bu şeirrdə Vətən həm ana kimi mərhəmətli, həm əsgər kimi qürurlu təsvir olunur. İlk misralardan bu hiss oxucunu özünə çəkir:

Sinəndən asılan daş görmüşəm mən,
Qüssədən ağaran baş görmüşəm mən…

Bu sətirlərdə həm tarixi ağrı, həm də böyük dözüm var. Vətənin üzərindəki daş, xalqın sinəsindəki yük, illərlə çəkilən həsrətin hamısı bu misralarda birləşib.
Şeirin növbəti bəndlərində müəllif halallığın, mənəvi saflığın, ədalətin tərəfdarı kimi görünür.
“Halalın küncü yox, küncdən yanadı” misrası həm onun həyat mövqeyinə, həm də mənəvi dünyasına işarədir. Şair sanki oxucuya zamanın içindən bir nəsihət verir. İnsanı ucaldan halallıqdır, dürüstlükdür, imanla yaşamaqdır.
Vətənin “uca dağ” kimi təqdim olunması, “sinəmdə ürəyim boydadı vətən” misrasının işlədilməsi onun poeziyasına dərinlik qatır. Burada Vətən sadəcə torpaq deyil, insanın içində daşıdığı müqəddəs bir duyğudur. Fəxrəddin Teyyub bu misralarla həm fərdi, həm milli sevgini poetik şəkildə birləşdirir.
Şeirin son bəndi isə xalqın Zəfər sevinci ilə doludur:

Yer, göy də qızardı şəhid qanıyla,
Günəş üzə güldü qızıl danıyla,
Ordusu, Ali Baş Komandanıyla,
Səkkiz noyabrda toydadı vətən!

Bu misralar Zəfər Gününün poeziyada ən dolğun ifadələrindən biridir. “Toy” anlayışı burada sadəcə sevinc deyil, həm də birliyin, şəhidlərimizin ruhuna ehtiramın simvoluna çevrilir.
Fəxrəddin Teyyubun bu şeiri oxucunu həm düşündürür, həm də qürurlandırır. O, bir xalqın tarixini, ağrısını və qələbəsini sadə, lakin dərin mənalı sözlərlə çatdırır. “Səkkiz noyabrda toydadı vətən” həm poeziyanın, həm də milli yaddaşın bir parçasına çevrilib.
Bu şeiri “Olaylar” qəzetində oxuyandan sonra bir daha anladım ki, Fəxrəddin Teyyub kimi şairlərin sözü həm keçmişin dərdini, həm bu günün sevincini, həm də sabahın inamını daşıyır. Onun yaradıcılığı ədəbiyyatımızda Vətənə, xalqa, dostluğa və insanlığa sədaqətin poetik təcəssümüdür.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.