İlk növbədə hər birimiz həyatımızı yaradırıq. Yaşayışımızla, əməllərimizlə, münasibətlərimizlə…
Bütün bunların hər biri də bizim mənəvi, fiziki gücümüzdən, daxili dünyamızın təməlindən, ömür təqiblərinin ona təsirindən, yaranmışların yaradıcı olmasını anlamağımızdan asılıdır.
Dünyaya gəliş yollarımızdan, yarandığımız gündən, gördüklərimiz, anladıqlarımız, anlaşılanlar ətraf mühit təsirindən, dünya anlamımızı öyrənmək yolundan…
İnsanın ilk yaradıcılığı ağlamaqla yemək almasıdır.
Bəli, gülməli də olsa, bu belədir.
Körpə vaxtı ağrı, aclıq bizi ağladırsa, böyüdükcə də arzularımız, dünyəvi ehtiyaclarımız qəlbimizi ağladaraq yaradıcı əməllərə sövq edir.
Kim nə bacarırsa onu etməyə məcburdur. Bu zövq də verə bilər, rahatlıq da, sevinc də, həmçinin əziyyət də, yorğunluq da, narazılıq, əsəb, gərginlik də…
Necə yaranmışıqsa, bütün bunlar həyatımıza səpələnir.
Ömür boyu yaradıcılıq yolundayıq. Özümüzə qurduğumuz yoldan başqaları da keçir.
Bəli, yaranış və yaradılış həyatın təməlidir. Bu isə insanların birgə təmasından yaranır. Həyat yolumuzun ən vacib qorunuşu – inam, sevgi, ağıl və əməkdir. Bütün bunların yaradıcısı olmağı Allah bizə də verib.
Dünyanın əvvəli ilə bu günü müqayisə etsək, bu yaradıcılığın nələrə qadir olduğunu anlatmağa gərək olmaz.
Aramızda çatışmazlıqlar, pisliklər, təcavüzlər və fəlakətlər olsa da, yaranışların çoxu dağılsa da, yaradıcılıq və yaradılış hər addımımızda da davam edir.
Qəlblərdən yaradıcılıq hissi silinmir, yaşam sevgisi məhv olmur.
Arzu edirəm ki, yaramaq yaradılanlar, yaşayanlar müqəddəs duyğuların və ilahi görüntünün təsiri altında olsun…Həmişə…
Sənubər Səhər




