Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü”

0
607
Mehman Süleymanov: “Bakının azad edilməsi planına Nuru Paşa ilə Əliağa Şıxlinski rəhbərlik edirdi”
101 il tarix üçün bir an, onu yaşayanlar və yaşadanlar üçün isə bir əsrdir.  O MÖHTƏŞƏM  AN  və o ŞƏRƏFLİ  DÖVRÜ xatırlamaq, unutmamaq üçün, əslində hər zaman yazmalı idik. Xatırlamalı idik. Heyif ki, tariximizi bizə unutduran mənfur sovet siyasət təbliğat maşını bizi öz keçmiş və yaxın tariximizdən uzaq salmışdı.

101 il bundan əvvəl – bu gün Bakının küçələrdində yaşayan qohumlarımız, babalarımız, nənələrimiz, soydaşlarımız və yurddaşlarımız bayram  nümayişinə çıxmışdılar. Qədim Bakı  yadların caynağından qurtulmuş, insanlar azadlıq havasını ciyərlərinə çəkmiş və onu sözün əsl mənasında hiss etmişdilər. Həmin dövrə səyahət etmək üçün

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov müsahibəsində bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi barədə danışıb.

–Mehman müəllim, Siz “Azərbaycan Ordusunun 100 illik tarixini” 5 cildlik kitabda  araşdıraraq, əbədiləşdirib, həm də tarixləşdirdiniz. Müqəddəs bir iş gördünüz.  Bu gün Bakının daşnaklardan, erməni quldurlarından xilas edilməsinin, müstəqilliyimizə təhlükə olan qüvvələrdən təmizlənməsinin 101 ili tamam olur. Bizi 1 əsr əvvələ qaytarın.

–1918-ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan edəndə  çox mürəkkəb hərbi-siyasi şəraitdə qərar tutmuşdu. Bakıda öz ağalarının birbaşa köməyi ilə erməni-bolşevik diktaturasını yaratmış Stepan Şaumyan və onun silahdaşları Gəncəyə doğru işğalçı hücuma başlayaraq, Qaraməryəmə qədər irəliləyə bilmişdilər. Qarabağ erməni-daşnak qüvvələrinin nəzarəti altında idi, ermənilər Bakı soveti hərbi qüvvələri ilə birləşərək, bütün Azərbaycanı öz işğalları altına almaq niyyətində idilər. Belə bir şəraitdə Azərbaycan hökuməti rəsmi şəkildə Osmanlı Türkiyəsinə hərbi yardım üçün müraciət etdi.  Birinci Dünya müharibəsi cəbhələrində kifayət qədər ağır duruma düşmüş olan Osmanlı Türkiyəsi Azərbaycan dövlətinin kömək xahişinə müsbət cavab verdi və məhdud sayda hərbi qüvvəni Azərbaycan xalqının yardımına göndərdi. Azərbaycana gəlmiş olan Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bir idarəçilik altına gətirildi və onların bazasında Qafqaz İslam Ordusu yaradıldı. Bu Ordunun tərkibinə Türkiyədən gəlmiş 5-ci Qafqaz piyada diviziyası və Azərbaycanın milli hərbi qüvvələrinin birləşdiyi Müsəlman korpusu daxil edildi.


Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşa  Azərbaycana kömək üçün gəldi və Qafqaz İslam Ordusunu yaratmağa müvəffəq oldu.

— Azərbaycana  ilkin olaraq Mürsəl Paşanaın komandanlığı altında 5-ci Qafqaz Türk-Qafqaz diviziyası göndərildi. Və bu diviziya ilə Azərbaycanda mövcud olan milli hərbi qüvvələr birləşdirildi. Onların bazasında Qafqaz İslam Ordusunun komandanlığı  yaradıldı, Nuru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin edildi. 1918-ci ildə Cümhuriyyətimizə sahib olduqdan sonra, Bakının başını alan qara buludları qovmaq üçün yeni yaradılmış Qafqaz İslam Ordusunun qüvvələri 1918-ci ilin iyun ayının ortalarında Qaraməryəm ətrafında bolşevik-daşnak hərbi qüvvələrinə qarşı mübarizədə ilk ciddi sınaqla üzbəüz gəlir. Bəli Nuru Paşanın cəmi 29 yaşı var idi. İcra etdiyi vəzifəyə görə fəxri general rütbəsi almış Nuru paşa və  dünyanın iki böyük müharibəsinin – Port-Artur və I Dünya müharibəsinin iştirakçısı olmuş, Rusiya ordusunda “Artilleriya Allahı” kimi şərəfli bir nüfuz qazanmış Əliağa Şıxlinskinin zəngin döyüş təcrübəsinin və hərbi biliklərinin birləşməsi Qafqaz İslam Ordusunun fəaliyyətinin uğuruna yol açıdı. İlk döyüşdən dərhal sonra Nuru paşa və Əliağa Şıxlinski bölgəyə gəldilər, onlar komandirlərin məruzələrini dinlədilər, hərbi şəraitlə tanış oldular, yeni döyüş planının hazırlanmasına rəhbərlik etdilər. Üstün düşmənə qalib gəlmək üçün çıxış yollarından biri Türkiyədən əlavə hərbi qüvvələr gətirilməsində görüldü. Qısa müddət ərzində bunun mümkün olmadığı üçün Qafqaz İslam Ordusunun rəhbərliyinin müraciəti əsasında Azərbaycan hökuməti Azərbaycan xalqına üz tutdu, xalqı müstəqilliyin müdafiəsi üçün səfərbərliyə aldı. Nəticədə Azərbaycanın işğal altında olmayan bütün bölgələrində könüllü dəstələr formalaşdırıldı və onlar cəbhə xəttinə göndərildi. Qaraməryəmdən başlanan, Ağsu və Şamaxıdan keçməklə Bakıya qədər uzanan döyüş yolunda Azərbaycanın çoxsaylı könüllü dəstələri türk hərbi qüvvələri ilə eyni sınaqların ağırlıqlarını bölüşdülər. Ucardan başlayaraq dəmir yolu boyunca Bakıya doğru irəliləyən hərbi qüvvələrin əsasını isə Azərbaycan milli hərbi qüvvələri təşkil edirdilər.

— Mehman müəllim, indi  hərbi milli qüvvələrimizin o döyüşçüləri   bu gün adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazan şəxsiyyətlər  özləri də tarixə çevrilib.

 

— Doğru deyirsiniz. Onların içərisində kifayət qədər gənc və enerjili Həbib bəy Səlimov rəhbərliyi ilə milli qüvvələr güclü düşmənə ağır zərbə vuraraq  zəfər yürüşünə qatılmışdılar. Göstərdiyi şücaətə görə Həbib bəy Səlimov tezliklə polkovnik rütbəsinə layiq görüldü. Bolşevik-daşnak qüvvələrinə qarşı aparılan döyüşlərdə  Azərbaycan zabitlərinin cəsurluğu və mübarizliyi hətta Qafqaz İslam Orusunun komandanlığı tərəfindən də yüksək qiymətləndirilirdi. Bunun nəticəsi idi ki, onlardan 19 nəfəri Nuru paşanın təqdimatı əsasında Osmanlı Türkiyəsinin orden və medalları ilə təltif edilmişdilər. Həbib bəy Səlimovla birlikdə Qafqaz İslam Ordusunun tərkibində fədakarcasına mübarizə aparan Həmid bəy Qaytabaşı, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlinski, Murad Gəray Tlexas isə sonradan Cümhuriyyətin generalı kimi şərəfli rütbəyə layiq görülmüşdülər. Onların şücaəti və cəsarəti nəticəsində bolşevik Rusiyasından, habelə İngiltərənin İranda yerləşən hərbi qüvvələrindən böyük hərbi kömək almalarına baxmayaraq Bakını işğal altında saxlayan yad qüvvələr türk və Azərbaycan hərbi qüvvələrinin, Azərbaycanın könüllü dəstələrinin azadlıq mübarizəsinin qarşısını ala bilmədilər və Qaraməryəm ətrafındakı uğurdan cəmi bir ay yarım sonra qüdrətli Qafqaz İslam Ordusu Bakı ətəklərinə qədər irəliləyə bildi.

–İyul ayının ortalarında Qaraməryəmdən başlanan zəfər yolu 15 sentyabrda Bakıda atəşfəşanlıla qeyd olundu. Kitablarınızda qeyd edirsiniz ki, 16 sentyabrda Bakıda möhtəşəm nümayiş keçirildi.

 


Nuru Paşa (sağda), atası Hacı Əhməd Paşa (ortada) və qardaşı Ənvər Paşa (solda)

–Bakının azad edilməsi əməliyyatı 1918-ci il sentyabr ayının 14-də başladı. Bu əməliyyatın aparılması üçün əsas istiqamət Qurd qapısı götürülmüşdü. Sentyabr ayının 14-də səhər erkən Qurd qapısı istiqamətindəki dağlar üzərində yerləşən müdafiə xətləri Qafqaz İslam Ordusu tərəfindən ələ keçirildi. Şimalda mövqe tutmuş qüvvələr isə həmin gün şəhərin mərkəzinə doğru xeyli irəliləyə bildilər. Əslində, elə həmin gün Bakı şəhərinin taleyi həll edildi və bu şəhərdə kök salmış olan yad və işğalçı qüvvələr Bakı şəhərini Azərbaycan xalqına təhvil vermək məcburiyyətində qaldılar. Sentyabr ayının 15-də Bakı şəhəri işğalçı qüvvələrdən azad edildi və bununla Bakı şəhəri müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrildi. 1918-ci il sentyabr ayının 16-da Bakının Yasamal kəndi yaxınlığında qalib türk-Azərbaycan hərbi qüvvələrinin paradı təşkil olundu. Nuru paşa və Əliağa Şıxlinskidən başqa bu paradda Bakıya qədər uzanan müzəffər yürüşdə böyük xidmətləri olan türk və Azərbaycan zabitləri, əsgərləri, Azərbaycan hökumətinin nümayəndələri də iştirak edirdilər. Bu paraddan sonra qalib ordu və onun rəhbərliyi Bakı şəhərinə daxil oldular və işğaldan azad olunmuş Bakının sakinləri tərəfindən sonsuz sevinc və minnətdarlıqla qarşılandılar.

Belə ki,  bu iki qardaş xalqın hərbi qüvvələrinin birliyi, birgə mübarizəsi, mövcud təcrübə və imkanlardan qarşılıqlı şəkildə istifadə edilməsi Qafqaz İslam Ordusunun həm lazımınca təşkilatlanmasına, həm də qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsinə zəmin yaratdı.

— Mehman müəllim, istəyirəm ki, oxucularımıza  bu şərəfli tariximizi əbədiləşdirməyə başladığınız  o illərdən danışasınız. Siz o xoşbəxrtlərdənsiniz ki, qismətinizə Tanrı belə bir şans yazıb. Vətənin Şərəf və şan tarixini, yazmaq hər kəsə qismət olmur.

— Ölkəmizdə 1996-1997-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə hazırlıq gedirdi. Müdafiə Nazirliyindən  Azərbaycan Xalq Cümhuriyyətinin Ordu Quruculuğunu araşdırmaq kimi şərəfli bir təklif aldım.  Təbii ki, bu günə qədər  ayrı-ayrı şəxslər  bu tarixi araşdırmışdılar,  lakin elmi və akademik şəkildə araşdırılmamışdı.  İlk işimi Azərbaycan Respublikasının dövlət arxivinndə işləməklə başladım.  1998-ci ildə  “Azərbaycan Ordusu 1918-1920-ci il” kitabım çap olundu. Kitabın 1 fəslini isə “Qafqaz İslam Ordusnu”nun  araşdırmasına həsr etdim. Axtarışlarım ancaq  Azərbaycandakı materiallar əsasında idi. Bu tarixi geniş  araşdırmaq üçün isə  Qafqaz İslam Ordusnun arxivlərinə baş vurmaq lazım idi. Türkiyənin ölkəmizdəki səfirliyində çalışan Türkiyə Silahlı Qüvvələrinin Hərbi attaşesi, general Sadıq Elcan Paşa kitabımı gördükdən sonra, mənim Türkiyə Silahlı Qüvvələrinin  Ankaradakı Mərkəzi Arxivində  araşdırmalar aparmağım üçün hər cür şərait yaratdı. Onların maddi və mənəvi dəstəyi ilə  Ankarada  Qafqaz İslam Ordusnun arxivini araşdırım, Nuru Paşa haqqında zəngin materiallar əldə etdim. Kitab onların yardımı ilə işıq üzü gördü.

Baxdım ki, Qafqaz İslam Ordusnun tarixi 1 kitaba sığışmır. Kitabın çapından sonra həm Vətənimizdə  müəyyən yerlərdə itib qalan arxivlər, ordu hərəkətında iştirak etmiş zabitlərin,  eləcə də Nuru Paşanın xatirələrini əldə etdim. Bakıya neft iyinə gələn, Azərbaycana sahiblənmək istəyən  ingils hərbçilərinin, digər xarici dövlətlərin siyasi xadimlərinin, hərb xadimlərinin yazışmalarını, məktublarını, sənədlərini əldə edərək, Qafqaz İslam Ordusu tarixini daha da  təkmilləşdirdim və bu tədqiaqtların bazasında “Azərbaycan Xalq Cümhuriyyətinin Hərb tarixi”  adlı 2 cildlik kitabı  çap etdirdim.


— Söbətimizin bu yerində  həmin o 100 illik tariximizdə  bəzən müəmmalı qarşılanan   Hərbiyyə və Bəhriyyə Komisarlığından danışın.

— Bolşeviklər  Bakını ələ keçirəndən sonra, 1920-21ci illərdə Azərbaycan hələ  nisbi də olsa  müstəqilliyini saxlaya bilmişdi. Azərbaycanın müstəqil Hərbi Nazirliyi var idi. Bu iki il ərzində Nəriman Nərimanovun  müdaxiləsi ilə  Hərbiyyə və Bəhriyyə komissarlığı yaradıldı.  Nərimanovun tapşırığı ilə konkret tədbirlər həyata keçirildi. Məqsəd isə Milli hərbi qüvvələrin qorunması idi.  Bu komissarlıq da Sovet Ordusunun müdaxiləsindən sonra, cəmi iki ilə fəaliyyət göstərə bildi. Lakin Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov kimi əfsanəvi hərbçilərimiz ordudan xaric olunmadılar.
Həmin əzmkar həmvətənlərimizin hərbi biliyi, peşəkarlığı sayəsində 1938-ci ilə qədər Azərbaycan Milli Diviziyası da yaradıldı. Təbii ki, bu proses Sovet İttifaqı tərkibində olan başqa ölkələrdə də gedirdi. Bu diviziyanın tərkibində tərkibində həm milli dil Azərbaycan dili hərbi kadrlarının  ünsiyyət dilinin  Azərbaycan dilinə çevrilməsinə  şərait yaradıldı, milli hərbi terminologiya, hərbi ədəbiyyat formalaşdırıldı. Milli kadrlar yetişdirildi. 1938-ci ildə bu da ləğv edildi.  Lakin Böyük Vətən Müharibəsi illərində  Sovet rəhbərləri anladılar ki, yenə milli diviziyalar yaradılmalıdır, milli strukturlar bərpa edilməlidir.

— Demək ki, Stalin də yaxşı  bilirdi ki, döyüşü udmaq üçün milli ruh lazımdır. Milli kadr da, milli ruh ruh deməkdir. Yəni Ordunun başında milli sərkərdə olanda, milli ruh da yüksək olur.


Çox doğru deyirsiniz. Milli respublikalardan toplanmış hərbi qüvvələrə  milli ruh vermək, onları həvəsləndirmək, onlara tapşırılan vəzifələrin icrasına səfərbər eləmək lazım idi. Onun üçün də onları səfərbər edən milli kadrları yenidən orduya cəlb etdilər.  Bunun nəticəsi olaraq, milli hiss və keyfiyyətlərə görə milli hərbi diviziyaların yaradılması işinə başlandı.  Çünki  milli kadr  döyüşçülərlə  onların öz ana dilində danışıb, onların daxili potensialını üzə çıxaracaqdı.  Beləcə, 1941-45-ci ildə Böyük Vətən Müharibəsində formalaşan Azərbaycan diviziyaları və buradakı  əsgər və zabit heyyətinin əksəriyyətinin Azərbaycandan olmasını bilirik . Milli kadr azərbaycan dilində danışır, ana dilində vəzifələri əsgərlərə başa salırdı. Mənəvi potensialı, milli hisləri, keyfiyyətləri oyadırdı.


— Mehman müəllim Siz Ordumuzun çətin və məşəqqətli şərəf tarixini yazdınız. Xalqın tarixini yadlar yazanda tarix qəzaya uğrayır. Vətənin tariximizi  öz oğlumuz yazırsa, bu tarix qara və ağ ləkələri, sevincləri, qəmləri, məğlubiyyət və zəfərləri ilə  olduğu kimi yazılır.  Onu da unutmayaq ki, tarix həm də çox qəddardır. Yalan yazanları  və yalan danışanları bağışlamır.

 

–Bizim tariximiz bizim dayaqlarımızdır. Sözsüz ki, yadlar heç vaxt istəməyiblər ki, tariximizi  doğru dürüst yazsınlar.  Vətənimizdə gözü olan, torpağımıza sahiblənmək istəyən  hər yeni imperiya, yeni  ideologiya milli hislərimizi ört-basdır edib.
Azərbaycanın müstəqil inkişafı, azadlıq mübarizsəinə yad olan qüvvələr tariiximizi yadlaşdırıb, öz ideologiyaları  bazasında yadlar öz tarixlərinə uyğunlaşdırıblar.  İndi müstəqilik,  indi tariximizi yazmaq üçün dövlətimiz üzmüzə açılmayan qapıların açılmasına da kömək edir ki, gedib tariximizi axtaraq. Təki arzu və istək, niyyət gözəl olsun.  Sonda onu da demək istəyirəm ki, hərb tarixi diletantlıq yeri deyil və özfəaliyyəti qəbul etmir. Hər kəsin bacara biləcəyi işlə məşğul olması yaxşı olardı.

  • — Müqəddəs Bakımızın, Vətənimizin üzərində  hər zaman dalğalanan üçrəngli bayrağımız dalğalansın. Bakımızın səhərləri aydın, gecələri işıqlı olsun.  Gün o gün olsun ki, yenə qardaş Türkiyə , bizə dost olan dövlətlər 30 ildir düşmən əsarətində olan torpaqlarımızı azad etmək üçün yardım əlini uzatsınlar!!! Bu döyüş meydanında da tək qalmayaq. Bu zəfər günün şərbətini bir də içək.