Qızıl Xaç ermənilərin cinayətini necə ört-basdır edib? – “Azərbaycanlıları sevməyiblər”

0
12

Qarabağ müharibəsinin gedişində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilk dövrlərdə müəyyən işlər görürdü. Qaçqınlara, məcbur köçkünlərə yardımlar olunurdu. Amma sonradan onların tamam başqa məqsədlə işlədikləri məlum oldu. Onlar keçmiş Dağlıq Qarabağda olan separatçı rejimi xüsusi nəzarətdə saxlayırdılar. Qızıl xaçın separatçıların fəaliyyətində maraqlı olduğu görünürdü.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

Komitə üzvü bildirib ki, Azərbaycan ərazisində istənilən beynəlxalq təşkilatın yardımı ancaq mərkəzi hakimiyyət orqanlarının xətti ilə getməlidir: “Qızıl Xaç Komitəsi isə keçmiş Dağlıq Qarabağı ayrıca “qurum” kimi götürərək, onlara Ermənistan vasitəsi ilə yardım göstərirdi. Laçında Azərbaycanın sərhəd-buraxılış postu qurulduqdan sonra Qızıl Xaç Komitəsinin maşınları ilə erməni separatçılarının qeyri-qanuni fəaliyyət göstərdikləri məlum oldu. Ona görə də Qızıl Xaç Komitəsi sonrakı dövrdə Azərbaycan ictimaiyyətinin yaddaşında ölkənin suverenliyinə hörmətlə yanaşmayan təşkilat kimi qalıb”.

“Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri dünyada çətinlikdə olan insanlara yardım göstərməklə böyük işlər görüb. Azərbaycanda fəaliyyət göstərən strukturun isə siyasi yönümü açıq-aydın görünürdü. Artıq onun fəaliyyətinə ehtiyac yoxdur. Azərbaycanın dövlət orqanları, özünün Qızıl Aypara Cəmiyyəti hümanitar sahədə üzərinə düşən vəzifəni kifayət qədər yerinə yetirə bilir”, – deputat əlavə edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa isə Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişlə fəaliyyət göstərməsinə diqqət çəkib.

Komitə sədrinə görə, onların da simpatiyasi, antipatiyası olan xalqlar var: “Azərbaycana da münasibətləri bunu açıq-aşkar göstərdi. Amma buna baxmayaraq, ölkədə onların müqaviməti qırıldı. İndi bölgədə yeni situasiya yaranıb. Onlardan isə səs-soraq yoxdur. Çünki Beynəlxalq Qızıl Xaç Komitəsi ermənilərin törətdiyi cinayətlərin böyük əksəriyyətini ört-basdır edib. Bu cür “fəaliyyət” yaddan çıxa bilməz. Azərbaycan öz qələbəsi ilə onları da ciddi sual altında qoydu”.

Qeyd edək ki, Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində 3977, 44 günlük Vətən müharibəsində 6 nəfər itkin düşüb. İndiyə qədər itkinlərin axtarışında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iştirak və tərəflər arasında vasitəçilik edib. Rəsmi Bakı komitənin fəaliyyətindən narazıdır və onun Azərbaycandakı ofisini bağlamaq qərarına gəlib.

Xatırladaq ki, 9 fevral 1863-cü ildə Anri Dünan tərəfindən yaradılmış Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsveçrənin Cenevrə şəhərində yerləşən humanitar təşkilatdır. 1919-cu ildə Beynalxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası yaradılıb. Bununla da təşkilat üç strukturda formalaşıb ki, bunlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərin Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsindən ibarətdir.

Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 10 mart 1920-ci ildə qeydə alınıb. 1925-ci il avqustun 15-də isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk nizamnaməsi qəbul olunub.