Azərbaycan mətbuatında silinməz izi olan, unudulmaz ustadımız Şakir Yaqubov 1951-ci ilin bu günündə, fevralın 25-də Astaranın Bala Şahağac kəndində dünyaya gəlmişdi. Xocalı soyqırımından sonra ad günü keçirmirdi. Əsil azərbaycanlı sevgisi ilə bağlı olduğu Qarabağın, hamımızın əzizi Şuşanın işğaldan azad edilməsinin sevincini yaşadı, amma səhhəti o torpaqları yenidən gedib görməyə imkan vermədi.
Şakir müəllim jurnalistikanı müqəddəs bir məbəd hesab edən və onun qapılarını istedadsız, qabiliyyətsiz adamların açmasına, gücü çatan qədər, müqavimət göstərən mətbuat fədaisi idi.
Əməkdar Mədəniyyət İşçisi fəxri adını həm sovet dövründə almışdı, həm də təkrarən Azərbaycanın müstəqilliyi dövründə… Jurnalistikanın həqiqi əməkdarı kimi onun məhz mətbu mədəniyyətimizə hər iki dövrdə verdiyi töhfələr unudulmazdır.
“Mən KİŞİ kimi yaşamışam, elə yaşamışam ki, qəzetçi və naşir kimi 35 illik həyatım boyu heç kimin yanında gözükölgəli olmayım. Belə bir ömür yolunu yenə məmnuniyyətlə əvvəldən-axıracan gedərdim…” Özü bu sözləri 60 yaşında verdiyi bir müsahibədə demişdi. Sonrakı on illikdə də həyat kredosuna sadiq qaldı. 15 oktyabr 2022-ci ildə haqq dünyasına qovuşdu.
Dəyərli ailəsi, övladları, nəvələri və biz dostları onun əziz xatirəsini yaşadırıq. Gənc jurnalistlərə isə onun yaradıcılığından bəhrələnməyi tövsiyə edərdim.
Allah Şakir müəllimə rəhmət eləsin.
Elşən Əliyev
Vətən Səsi Qəzetinin baş redaktoru