Meta şirkətinin tərtibatçıları Bask Koqnitiv Elmlər Mərkəzi ilə birləşərək, insanın fikirlərini 80% dəqiqliklə oxuya bilən “beyin dekoderi” ixtira ediblər.
Bu sıçrayış danışıq qabiliyyətini itirmiş insanlara səslərini geri qaytarmaqla onlara kömək etmək üçün yeni üfüqlər açır.
Əməliyyat tələb edən müasir beyin-kompüter interfeyslərindən fərqli olaraq, Meta qeyri-invaziv üsullardan – maqnitoensefaloqrafiya (MEG) və elektroensefaloqrafiya (EEQ) istifadə edir. Bu üsullar əməliyyat olmadan beyin fəaliyyətini qeydə almağa imkan verir. 35 könüllünün beyin fəaliyyəti məlumatlarından istifadə edərək süni intellekt öyrədilib.
Təsirli nəticələrə baxmayaraq, texnologiyanın məhdudiyyətləri var. MEG xüsusi maqnitlə qorunan otaq tələb edir və iştirakçılar ən dəqiq məlumatları əldə etmək üçün hərəkətsiz qalmalıdırlar. Bundan əlavə, testlər indiyədək yalnız sağlam insanlar üzərində aparılıb ki, bu da əlavə araşdırma tələb edir.
Süni intellekt təkcə fikirləri mətnə çevirmir, həm də alimlərə beynin düşüncələri nitqə necə emal etdiyini anlamağa kömək edir. Model millisaniyəlik dəqiqliklə beyin fəaliyyətini izləyən MEG məlumatlarını təhlil edir. Nəticələr göstərib ki, beyin nitq yaratmaq üçün mürəkkəb dinamik sinir kodundan istifadə edir.
Meta elmi qurumlarla əməkdaşlıq edərək bu texnologiyanın inkişafına sərmayə qoymağa davam edir. Xüsusilə, şirkət davam edən tədqiqat layihələrini dəstəkləmək üçün Rotşild Vəqfi Xəstəxanasına 2,2 milyon dollar bağışlayıb.