“DARDA QALAN YURDUMUN HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ”

0
56

Sabir Məmmədov: “Xocalıda soydaşlarımıza qarşı mənfur düşmən tərəfindən qəddarlıqla, amansızcasına qanlı cinayət həyata keçiriləndə Bakıda vəzifə, kreslo davası gedirdi…”

Həyatda hər kəsin bir ömür payı, qət edə biləcəyi bir ömür yolu var, deyirlər. Bu ömür yolu o zaman şərəfli, ləyaqətli və yaddaqalan olur ki, onu vətəninə, xalqına, yaxşı işlərə həsr edirsən. O ömür yolu ki, sonradan minlərə, milyonlara örnək olaraq həyat dərsinə, əsl nümunəyə çevrilir. Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Yəqin elə ona görədir ki, alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək heç də hamıya nəsib olmur.

Yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini, ehtiramını qazanan belə insanlardan biri də vətənəpvər, Qarabağ müharibəsi veteranı, Xocalının birinci və sonuncu milis rəisi Sabir Məmmədovdur.

Xüsusi təqdimatına ehtiyac olmasa da, bu il dekabrın 28-də 80 yaşı tamam olan Sabir Məmmədovla bağlı müəyyən məlumatları sizlərlə bölüşməyi uyğun saydıq.

Sabir Surxay oğlu Məmmədov 28 dekabr 1945-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. 1952-1962-ci illərdə Göytəpə kənd orta məktəbində oxuyub. 1962-ci ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirərək Goranboy rayon musiqi məktəbində müəllim işləyib. 1967-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olub, 1972-ci ildə institutu müvəffəqiyyətlə başa vurub. 1973-cü ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər 1 və 3 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1971-1974-cü illərdə Gəncə şəhər Partiya Komitəsi nəzdində üçillik Marksizm-Leninizm Universitetini bitirib. Azərbaycan SSR “Bilik” cəmiyyətinin üzvü (1977), Gəncə “Kommunist” qəzetinin müxbiri, 1 nömrəli musiqi məktəbində ilk partıya təşkilatı katibi, 1977-ci ildə Azərbaycan KP Gəncə şəhər Komitəsinin plenumunun üzvü olub. 1982-ci ildə Özbəkistanın Buxara şəhərinə gedib və Daxili İşlər orqanlarında çalışıb. 1982-1983-cü illərdə Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində cinayət axtarışı üzrə üç aylıq kurs keçib. 1988-ci ildə nümunəvi xidmətə görə Buxara Dİİ-nin göndərişi əsasında ikinci ali təhsl almaq üçün Daşkənd Milis Akademiyasına qəbul olub, 1993-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Dağlıq Qarabağ hadisələrinin canlı şahidi kimi “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı dördcildlik kitabın müəllifidir. Kitablarını aldığı təqaüdlə çap etdirib. Ailəlidir,  üç övladı,  üç nəvəsi var.

sabir-memmedov-7

XOCALI VƏ QARABAĞDAKI FƏALİYYƏTİ

1990-ci il 31 yanvarda Özbəkistan DİN-in əmri ilə mayor rütbəsi alan Sabir Məmmədov elə həmin il məzuniyyət götürərək torpaqlarımızın müdafiəsi üçün Azərbaycana qayıdıb. 1990-cı ilin may ayında daxili işlər naziri general Məhəmməd Əsədovun əmri ilə Əsgəran rayon milis şöbəsinin tabeliyində Xocalı milis bölməsi yaradılıb və Sabir Məmmədov bölmənin ilk milis rəisi təyin edilib. 1990-cı ildən 1992-ci ilədək Xocalıda, 1992-1993-cü illərdə Ağdamda, 1994-cü ildən sonra Goranboy RPŞ-də işləyən Sabir Məmmədov Ağdamda Yeddixırman, Cinli, Fərrux yüksəkliyində, Goranboyda Yuxarı və Aşağı Ağcakənd, Qaraçinar, Zeyvə, Şəfəq, Qarquçaq, Tapqaraqoyunlu, Qaşaltı, Naftalan şəhərinin və kənd yüksəkliklərinin mühafizəsində fəal iştirak edib. 1990-cı ildən 1996-cı ilədək döyüş bölgələrinin qaynar nöqtələrində düşmənə qarşı mübarizə aparıb.

MÜKAFATLARI

Xocalı şəhər Xalq Deputatları Soveti (XDS( icraiyyə komitəsinin fəxri fərmanları ilə təltif olunub (Xocalı ərazi bütövlüyü və mülkü əməkdaşların mühafızəsi və müdafıəsinə görə – 1990-1992-ci illər). “Xocalı yaddaşı” diplomu ilə təltif olunub. Göstərdiyi şücaətə və döyüşdə fərqləndiyinə görə Daxili işlər naziri general Məhəmməd Əsədovun əmri ilə “Milis əlaçısı” döş nişanı, ideal sülhün təbliği sahəsindəki xidmətlərinə görə 2013-cü ildə “Qalib Sultan” diplomu ilə təltif edilib. Özbəkistan DİN-in əmri ilə “Polyot” qol saatı ilə mükafatlandırılıb (Zəlzələ vaxtı mülki insanların mühafızəsi və müdafıəsində göstərdiyi şücaətə görə). Azərbaycan veteranlar təşkilatı birliyinin qərarı ilə vətənpərvərlik sahəsindəki xidmətlərinə görə “General Cəmşid Naxçıvanski”, “General Əliağa Şıxlinski” və “General Həzi Aslanov” medalları ilə təltif olunub. Veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə “Veteran Həmrəyliyi” medalına layiq görülüb. Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “Azərbaycanın fəxri” media mükafatına layiq görülüb. Azərbaycan Veteranlar Təşkilatı birliyinin qərarı ilə vətənpərvərlik sahəsindəki xidmətlərinə görə “30 il” Yubiley medalı ilə təltif olunub.

***

sabir-memmedov-2

Doğum günü ərəfəsində həmsöhbət olduğumuz Sabir Məmmədov bizimlə bitib-tükənməyən vətən, torpaq sevgisini bölüşdü, ötən əsrin son on illiklərini, xüsusilə də canlı şahid kimi ermənilərin Qarabağda, Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğını qəlb ağrısı ilə yenidən xatırladı…

– Sabir müəllim, 80 il yol gəldiyiniz bu ömürdən geriyə boylananda nə düşünürsünüz?

– Doğrudan da yaş üstə yaş gələrkən insanda qəribə ovqat yaranır. Həm sevinirsən, həm də kədərlənirsən. Çünki ötən hər gün, hər il ömürdən gedir. Ömür yolunda isə yaxşı nə qazanırıqsa, xoş bir xatirəyə dönür. Bu baxımdan, gərək payına düşən ömrü elə yaşayasan ki, geriyə boylananda təəssüf hissi keçirməyəsən. Əslində, insan bəzən özünə bir növ hesabat verməlidir. Hansı işləri görüb? Əgər zamanı geri çevirmək mümkün olsaydı, mən yenə həmin bu yolu gedərdim. Onu da bilirəm ki, həyatda nə etmişəmsə, valideynlərimin, övladlarımın, yaxınlarımın, ətrafımdakı yaxşı insanların hesabına nail olmuşam. Çalışmışam ki, əqidəmlə, vicdanımla yaşayım. Həyatımın enişli-yoxuşlu, acılı-şirinli anlarını xatırlayarkən, səmimi etiraf edim ki, 1988-ci il fevralın 22-də Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlər – Əli Hacıyev və Bəxtiyar Quliyevin, vətən uğrunda canından keçən 7 mindən çox ağdamlının, Azərbaycanın Milli Qəhrəmanları – Allahverdi Bağırovun, Asif Məhərrəmovun (Fred Asif), Şirin Mirzəyevin, Canpolad Rzayevin, eləcə də digər bölgələrimizin Qarabağ müharibəsində döyüşən oğul və qızlarının igidliyi, cəsurluğu, qəhrəmanlığı, Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canını fəda edən şəhidlərimizin əziz xatirəsi, iştirak etdiyim Ağdam, Goranboy cəbhəsində gedən döyüşlər, həmin vaxt Xocalıda tüğyan edən hadisələr, xocalıların başlarına gətirilən müsibətlər ömür yolumdan qırmızı xətt kimi keçir. Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır…

ÇOX DƏHŞƏTLİ ANLAR İDİ…

Deyərdim ki, insan oğlu hələ belə bir faciəyə şahidlik etməmişdi. Xocalıda törədilən soyqırım bəşəriyyətin faciəsi idi. Aradan 32 il keçməsinə baxmayaraq, XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan o qanlı faciədən danışanda əzab çəkirəm. Bəzən özümə sual verirəm ki, niyə belə oldu? Gərək belə olmayaydı.

sabir-memmedov-8
sabir-memmedov-9

– Sabir müəllim, bildiyimiz qədər Qarabağda vəziyyət gərginləşəndə siz Özbəkistanın Buxara vilayətində daxili işlər orqanlarında çalışırdınız. O vaxt sizin Azərbaycana gəlişiniz necə oldu?

– Doğrudur, 1982-ci ildə Özbəkistanın Buxara vilayətinə getdim. Orada məni milis orqanlarına qəbul etdilər. Fəaliyyətimə görə, məni 1988-ci ildə hüquq təhsili almaq üçün Özbəkistan Milis Akademiyasına göndərdilər. Sessiya müddətində akademiyaya getməyə başladım. 1990-cı il idi. Bir gün tələbə yoldaşlarımla televizora baxanda 20 Yanvar hadisələrini göstərdilər. Bakıda törədilən qanlı hadisələri görəndə çox sarsıldım. Nə edəcəyimi bilmirdim. Akademiyadakı tacik, özbək, rus tələbə və müəllim yoldaşlarım mənə

DEDİLƏR Kİ, SİZDƏ HEYDƏR ƏLİYEV KİMİ DAHİ ŞƏXSİYYƏT, DÜNYA SƏVİYYƏLİ SİYASİ XADİM VAR, NİYƏ XALQ ONU PREZİDENT SEÇMİR Kİ, SİZİ BU BƏLADAN QURTARSIN?

Bu söhbətlər məni düşündürməyə başladı. Eyni zamanda, vətən torpaqlarının işğal təhlükəsi məni narahat edirdi. Bu məsələlər məndə güclü təsir oyatdığı üçün 1990-cı ilin mayında məzuniyyət götürüb Azərbaycana gəldim. Dərhal daxili işlər naziri general Məhəmməd Əsədova köçürülmə məsələsinə görə raport yazdım. Sonra yenidən Buxaraya qayıtdım. Çalışdığım Buxara Daxili İşlər İdarəsinin kadrlar şöbəsindən mənə dedilər ki, “Raport yazdığın üçün Azərbaycandan səni tələb edirlər. Sənin iki yolun var. Ya burada qalıb işləməlisən, ya da Azərbaycana getməlisən”. Darda qalan yurdumun harayı və Heydər Əliyev haqqında deyilənlər məni öz doğma vətənimə səslədi. Bundan sonra daha Özbəkistanda qala bilməzdim. Azərbaycana gəldim. Nazir Məhəmməd Əsədov məni dərhal o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin Əsgəran rayon milis şöbəsinin nəzdindəki Xocalı milis bölməsinə rəis təyin etdi. Mən Xocalıya gedəndə əhalinin müdafiəsi üçün orada sistemli şəkildə təhlükəsizlik strukturu yox idi. İlk milis bölməsi məhz bu məqsədlə yaradılmışdı. Fəaliyyətə başlayanda oturmağa yerimiz belə yox idi. Şöbənin yaradılması üçün şərait olduqca məhdud idi. Məsələ ilə əlaqədar DQMV Dİİ-nin rəisi general-mayor Vladimir Vladimiroviç Kovalyovun qəbuluna getdim. Vəziyyətlə bağlı məruzə elədim. Kovalyovun tapşırığı ilə mənə iki ədəd vaqon verildi. Vaqonları gətirib Xocalı aeroportunun yaxınlığındakı təpənin üstünə qoydurdum. Həmin vaqonlarda bölməni yaratdıq. Lakin buna baxmayaraq, DQMV Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədov nazir Məhəmməd Əsədov və DQMV Təşkilat Komitəsinin sədri Viktor Polyaniçko qarşısında məsələ qaldırdı ki, Xocalıda milisin inzibati binası yoxdur. Nazir Məhəmməd Əsədovun köməkliyi ilə biz Xocalıda 52 otaqdan ibarət ikimərtəbəli binanı inşa etdik. Binanın təhvil verilməsində isə nazir Əsədov şəxsən özü iştirak etdi. Bölmədə işə 64 nəfərlik şəxsi heyət götürüldü.

img-20241215-wa0010
img-20240906-wa0025

– Dİİ-nin rəis müavini Sadir Məmmədovun adını çəkdiniz. Söhbət o vaxt Qarabağda yaşayan ermənilərin “zəhmli polkovnik” adlandırdıqları Sadir Məmmədovdan gedir?

– Bəli. Vəziyyət gərginləşəndə Xankəndinə hər adam gedib-gələ bilmirdi. Çünki qorxurdular. Bakıdakı rəhbərlikdən də Ağdama qədər gəlirdilər, amma Xankəndi tərəfə keçə bilmirdilər. Halbuki polkovnik Sadir Məmmədov Xankəndində ermənilərin arasında tək işləyirdi. Qorxmaz idi. Ermənilər ona təzim edirdilər. O, hətta işinə düzgün yanaşmayan erməniləri vəzifəsindən azad edirdi. Sadir Məmmədov Xankəndində olmayanda milis əməkdaşlarımız belə ora gedə bilmirdi. Yalnız o, Xankəndində olanda biz şəhərə gedə bilirdik. Heç kimdən çəkinmədiyi üçün

ERMƏNİLƏR ONUN BAŞINA 1 MİLYON RUBL PUL QOYMUŞDULAR…

Biz hər həftənin 1-ci günləri Əsgəran rayon Milis Şöbəsində, ikinci günləri isə Dağlıq Qarabağda Polyaniçkonun iştirakı ilə əməliyyat müşavirələrində iştirak edirdik. Əməliyyat müşavirəsin Sadir Məmmədov aparırdı.

– 1990-cı ildə siz, Sadir Məmmədov və Xocalı DİŞ-in rəis müavini Təvəkkül Hüseynovla birlikdə bir qrup jurnalist Xankəndindən Xocalı aeroportuna gələndə rus hərbçilər onlara öz torpaqlarımızda fotoaparatla şəkil çəkməyə imkan verməyiblər. Bu, nə ilə əlaqədar idi?

– Həmin dövrdə Xocalı aeroportunu rus hərbçilər mühafizə edirdilər. Ancaq ermənilər azərbaycanlılara qarşı həmişə rus hərbçilərini qızışdırırdılar. Bir məsələ vardı ki, ruslar ermənilərin dediklərini edirdilər. Ona görə də çəkiliş üçün azərbaycanlıları aeroporta buraxmırdılar. Onu da deyim ki, o vaxtlar İrəvandan Xankəndinə 32 reys sərnişin təyyarəsi gəlirdi. Biz bütün bu reyslərə nəzarət edirdik. İrəvandan Qarabağa gələn təyyarələr barədə DQMV Dİİ rəhbərliyinə və general Məhəmməd Əsədova məlumat verirdim. Bizim və Əsədovun səyləri nəticəsində reyslərin sayı 32-dən 1-2-yə endirildi. Sonradan isə Ermənistandan Qarabağa gələn təyyarə reyslərinin sayını həftədə 1 dəfəyə endirdik.

sabir-memmedov-4

– Ancaq bütün buna baxmayaraq, deyilənə görə, Zori Balayan Xocalı aeroportunda və Xankəndində tez-tez görünürdü…

– Zori Balayan Qarabağa yalnız təxribat üçün gəlirdi. Balayanın xüsusi canfəşanlığı ilə Qarabağda yaşayan ermənilər azərbaycanlılara qarşı çıxırdılar. Hətta bir dəfə Zori Balayanı Xocalı aerportunda saxladıq. Sonra isə onun Xocalıya gəlməsinə qadağa qoyuldu.

ROBERT KÖÇƏRYAN, SERJ SƏRKİSYAN VƏ ZORİ BALAYAN QARABAĞDA TÖRƏDİLƏN TƏXRİBAT PLANLARINI HAZIRLAYAN ƏSAS ŞƏXSLƏR İDİLƏR…

Köçəryan Dağlıq Qarabağda ipək kombinatında işləyəndə azərbaycanlıları sıxışdırırdı. Onları işə buraxmırdı. Sərkisyan daha sonralar özünü Ermənistanın “milli qəhrəman”-ı elan edərək fəxrlə Xocalı soyqırımında iştirak etdiyini deyirdi. Xocalıda törədikləri soyqırıma görə sonradan növbə ilə Köçəryan və Sərkisyan Ermənistana prezident təyin edildilər. Həmin şəxslərin xüsusi canfəşanlığı nəticəsində Xocalıda bir gecədə 613 azərbaycanlı şəhid edildi. Və bəlkə də çox…

sabir-memmedov-6

– Sabir müəllim, soyqırım üçün niyə məhz Xocalı hədəf seçildi?

– Çünki Xocalı Qarabağda mərkəzi mövqedə yerləşirdi. Məsafəcə Şuşa tərəfdən Xankəndinə, Ağdamdan isə Əsgərana yaxın idi. Digər tərəfdən də şəhər Qarabağdakı əsas magistral yolun girişində idi. Xocalının ətraf hissəsində 20-yə qədər ermənilərin yaşadığı kəndlər yerləşirdi. Demək  olar ki, Xocalı həmin erməni kəndlərinin əhatəsində idi. Kərgicahan, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular kəndi işğal edildikcə, artıq Xocalı mühasirədə qalmışdı. Qalan bütün kəndlər də erməni-rus birləşmələri tərəfindən alınandan sonra Xocalı ortada təkləndi. Onu da deyim ki,

HƏMİN DÖVRDƏ XOCALI SAKİNLƏRİ SİLAHSIZ İDİLƏR…

Əvvəlcədən şəhər sakinlərindən ov tüfəngləri də yığılmışdı. Xocalını yalnız Əsgəran RMŞ-dən aldığım 8 ədəd “Makarov” tapançası ilə mühafizə edirdik. Bu cür vəziyyətdə biz rusların top və tanklarının qarşısında heç nə edə bilməzdik. Şəhər gözümüzün qarşısında məhv olurdu…

1991-ci il sentyabrın 18-də Bakıdan mənə rəsmi göstəriş gəldi ki, Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Azərbaycan prezidenti Ayaz Mütəllibov, daxili işlər naziri Məhəmməd Əsədov və digər şəxslər Dağlıq Qarabağda baş verən prosesləri həll etməyə gələcəklər. Sentyabrın 19-20-si şəxsi heyəti yığıb dislokasiya yolu ilə qruplar təyin etdim. Sentyabrın 21-də isə prezidentləri və digər rəsmi nümayəndələri gətirən vertolyot Xocalı aeroportuna endi. Onları Xocalıdan Xankəndinə DQMV Dİİ-nin rəis müavini polkovnik Sadir Məmmədov müşayiət etdi. Vertolyotda Bakıdan və Türkiyədən gəlmiş jurnalistlər də vardı. Onlar da Xankədinə getmək istəyirdilər. Jurnalistlərin arasında Azərbaycan Teleradio Şirkətinin əməkdaşı Nadejda İsmayılovna, Elmira Axundova (sonra millət vəkili oldu), Tünzalə Qasımova, operator Elxan Əliyev, Türkiyədən “Zaman” qəzetinin müxbiri Yılmaz Polad vardı. Müavinim Hafiz Adilov da daxil olmaqla onları birtəhər mənim xidməti “UAZ” maşınıma mindirib Xankədinə getdik. Şəhərə çatanda gördük ki, ermənilər mitinq keçirir. Çətinliklə şəhərə daxil ola bildik. “Ştab”-a getmək daha çətin idi. Ermənilər biləndə ki, biz azərbaycanlıyıq, üzərimizə hücum etdilər.

YILMAZ POLAD AĞIR XƏSARƏT ALDI, ELXAN ƏLİYEVİ İSƏ OĞURLADILAR…

Qadınları çətinliklə də olsa, əsgərlərin arasına saldıq ki, öldürməsinlər. Sonradan Nadejda İsmayılovna Yeltsinə məruzə etdi ki, ermənilər jurnalistlərdən birini oğurlayıblar. Yeltsin bildirdi ki, oğurlanan şəxs tapılmasa, Dağlıq Qarabağ haqqında heç nə deməyəcək. Təxminən 40 dəqiqədən sonra operator Elxan Əliyevi azad edib birbaşa Bakıya yola salmaq üçün aerporta apardılar… “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı dörd cildlik kitabımda Xocalıda baş verənlər, eləcə də digər hadisələr barəsində bəhs etmişəm. Təsəvvür edin, Xocalı aylardır mühasirədədir. Uşaqlar, qadınlar, qocalar ağır vəziyyətdə, təhlükə altındadırlar. Yuxarıdan isə heç bir kömək gəlmir. Artıq Xocalıya güclü hücum olacağı barədə əhali arasında söz-söhbət dolaşırdı.  Belə bir gərgin vaxtda ən ümdə vəzifə dinc əhalini mühasirədən çıxarmaq idi.

sabir-memmedov-5

– Sabir müəllim, zaman-zaman belə bir fikir səslənirdi ki, Xocalının müdafiəsini təşkil etmək, faciənin qarşısını almaq olardı. Doğrudanmı Xocalı faciəsinin qarşısını almaq mümkün idi?

– Əlbəttə, mümkün idi. Əgər dövlət səviyyəsində kömək olsaydı, Xocalı soyqırımının qarşısı alınardı. Biz öz təşəbbüsümüzlə bir ədəd “Mi-26” helikopteri gətirdik və onun vasitəsilə, qeyd etdiyim kimi, Xolcalıdan 300 adam çıxartdıq. Təxliyyə işi dövlət səviyyəsində təşkil olunsaydı, 5-6 helekopter verilsəydi, əhalinin hamısını Xocalıdan çıxara bilərdik. O vaxt ölkə rəhbərliyinə dəfələrlə teleqram vurduq ki, xocalılara kömək edin, amma bizi eşidən yox idi. Cavab verirdilər ki, heç nədən təlaş yaradırsınız. Sonra məcbur olub Baş nazir Həsən Həsənova müraciət etdik. Yalnız ondan sonar Gəncə Şəhər Partiya Komitəsinin katibi Səbuhi Abdinovun və Gəncə Milis İdarəsinin rəisi Eldar Həsənovun köməyi sayəsində bir ədəd “Mi-26” helikoter, 2 ədəd “Krakadil” qoruyucu aldıq. Qeyd etdiyim kimi, fevralın 13-də 300 nəfəri Xocalıdan Gəncəyə, oradan da Ağdama apardıq. Bizim gücümüz ancaq telefonla zəng etməyə çatırdı. Ona da qulaq asmırdılar. Xocalıdan camaatı çıxarmağın isə iki yolu vardı: hərbi yolla (helikoterlə) və hərbi əməliyyat yolu ilə. Amma bizə heç kim kömək etmirdi. Üstəlik də, çörək, un, ərzaq, silah, digər ehtiyaclar yox idi. Belə ağır bir vəziyyətdə nə edə bilərdik? Bir tərəfdən Əsgəran yolu bağlı idi, digər tərəfdən də Xankəndindən, ətrafdakı ermənilər yaşayan kəndlərdən tankla, topla, “Qrad” qurğusu ilə Xocalı atəşə tutulurdu… Xocalıda soydaşlarımıza qarşı mənfur düşmən tərəfindən qəddarlıqla, amansızcasına qanlı cinayət həyata keçiriləndə Bakıda vəzifə, kreslo davası gedirdi. Halbuki erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın tankları, topları ilə Xocalıya hücuma keçmişdi. Xocalıda qırğın törədilmişdi. 366-cı alayda general-mayor, polkovnik, polkovnik-leytenant, mayor rütbəsində 35 erməni zabiti var idi. Onların göstərişi ilə Xocalı yerlə-yeksan edilmişdi, sakinlərinə qarşı isə soyqırım aktı həyata keçirilmişdi. Əliyalın xocalılar bu qaniçən ordunun hücumunun qarşısına çıxa bilərdimi? Əlbəttə, yox!… Ancaq heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın gələcək qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad edildi. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarığı, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

img-20241220-wa0000

2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatları nəticəsində kənd, şəhər və qəsəbələrimiz işğalçılardan azad edildi. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan hökuməti 2020-ci il noyabrın 10-da təslim aktını imzaladı. Akta əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan azad edildi. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.  2023-cü il sentyabrın 19-da 23 saat davam edən antiterror əməliyyatı nəticəsində isə Qarabağda qalan Ermənistan silahlı qüvvələri tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı və dövlət suverenliyimiz bərpa olundu. Xankəndi şəhərində, Xocalıda, Əsgəranda, Xocavənddə və Ağdərədə Azərbaycanın Dövlət Bayrağını ucaldıldı… Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan soydaşlrımızın qisasını aldı, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi…

Artıq bu gün Qarabağda, işğaldan azad edilmiş şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-yenidənqurma işləri aparılır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. Prezident İlham Əliyevin dediyi kimi, biz bundan sonra o torpaqlarda əbədi yaşayacağıq.

İmkandan istifadə edib qəzetiniz vasitəsilə Qarabağda üçrəngli bayrağımızın dalğalanması uğrunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyir, qazilərimizə və veteranlarımıza sağlamlıq arzulayıram! Yaşasın qalib və qüdrətli Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti, qəhrəman Azərbaycan oğulları!

sabir-memmedov-1

– Sabir müəllim, mən də bütün bu dua və diləklərinizə qoşularaq, bizə vaxt ayırdığınız və suallarımızı cavablandırdığınız üçün sizə çox təşəkkür edirəm. Qədəm qoyduğunuz yeni yaşınızı ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram!

– Çox sağ olun! Mənə diqqət ayırdığınız üçün sizə minnətdarlığımı bildirirəm.

– Sağ olun!

Elbar ŞİRİNOV