Bayram ərəfəsi qızıl qiymətləri – növbəti il üçün nə proqnozlaşdırılır?

0
14

Bu il dünya zərgərlik məmulatları bazarında mühim dəyişikliklərlə yadda qaldı. Müşahidə olunan dəyişikliklər bir sıra mühim iqtisadi, geosiyasi və bazar faktorları ilə izah oluna bilər. Sözsüz ki, dünya bazarındakı zərgərlik məmulatları qiymətində dəyişiklik Azərbaycana da təsirsiz ötüşmədi.

Hazırda dünya bazarlarında, eləcə də, Azərbaycanda qızıl və gümüş istehsalı və qiymətləri hansı səviyyədədir? Yeni İl öncəsi qiymətlər necə dəyişir və növbəti il üçün nə proqnozlaşdırılır?

Bunu açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, bu il qızılın qiymətində müşahidə olunan dəyişikliklər bir sıra mühim iqtisadi, geosiyasi və bazar faktorları ilə izah olunur.

Mütəxəssisin sözlərinə görə, cari il ərzində baş verən hadisələrə nəzər saldıqda, ABŞ-də faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər qızılın qiymətində artıma səbəb olub:

“ABŞ Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini dəyişməklə qiymətlərin müvəqqəti enişinə səbəb olsa da, inflyasiyanın azalması və gələcəkdə faizlərin azaldılacağına dair açıqlamaları qızıl bazarına müsbət təsir edib. Bununla yanaşı, Yaxın Şərqdəki geosiyasi gərginliklər və Rusiya-Ukrayna münaqişəsi kimi hadisələr qızılın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Həmçinin, ABŞ-də keçirilən prezident seçkiləri fonunda yaranmış qeyri-müəyyənliklər qiymət dəyişikliklərinə əlavə təsir göstərib. Seçki nəticələri və dolların möhkəmlənməsi qızılın qiymətlərində müvəqqəti azalmaya səbəb olub, lakin bazar sonradan yenidən sabitləşib.

Dünya iqtisadiyyatında baş verən digər proseslər, xüsusən də Çin və Avropadakı iqtisadi yavaşlama qlobal bazarlara, o cümlədən, qiymətli metallar bazarına təsir edən əsas amillərdən olub”.

R.Əmircanov bildirib ki, hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 2 620 – 2 630 ABŞ dolları diapazonunda ticarət olunur, gümüş isə bir unsiya üçün 30 ABŞ dolları səviyyəsində qiymətləndirilir: “Eyni zamanda, platin 930-950 ABŞ dolları, palladium isə 920-980 ABŞ dolları arasında dəyişir.

Mövcud iqtisadi və geosiyasi proseslər qiymətli metalların, xüsusilə qızılın uzunmüddətli perspektivdə qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir.

Qızılın bir unsiya üçün 3 000 ABŞ dolları həddini keçməsi ilə bağlı psixoloji gözləntilər isə investorların diqqət mərkəzində qalmaqdadır.

Azərbaycanda yerli bazarda da qızıl və gümüşün qiymətləri qlobal bazarlardakı dəyişiklikləri əks etdirir. Yerli bazarda qızılın dəyəri beynəlxalq birjalara uyğun olaraq davamlı şəkildə artır”.

Mütəxəssis vurğulayıb ki, dünya bazarlarında qızılın bahalaşması Azərbaycanın qızıl sektoruna birbaşa təsir edir: “Qlobal qiymət artımları ölkəmizdə həm tələbatı artırır, həm də idxal edilən qızıl məhsullarının qiymətini yüksəldir.

Bu proses qızılın strateji əhəmiyyətini gücləndirərək, həm istehlakçıların, həm də investorların diqqətini artırır. Dünya qiymətlərinin rekord səviyyələrə çatdığı bir vaxtda, Azərbaycanın qızıl bazarı bu dəyişikliklərə uyğunlaşmağa davam edir”.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qızıl və gümüş istehsalında fərqli dinamika müşahidə olunub. Belə ki, sözügedən dövr ərzində Azərbaycanda 2 567,2 kq qızıl istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 kq və ya 2,4% çoxdur.

Eyni zamanda cari ilin ilk 11 ayında ölkədə 3 064,2 kq gümüş istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 698 kq və ya 18,5% azdır.

R. Əmircanov ölkədə gümüş istehsalının azalmasına da aydınlıq gətirib.

Onun sözlərinə görə, Azərbaycanda qızıl və gümüş hasilatındakı fərqli dinamika təbii ehtiyatların mövcudluğu və onların işlənməsi ilə birbaşa bağlıdır: “Qızıl yataqlarında ehtiyatların daha məhsuldar olduğu və bu yataqların səmərəli şəkildə işlənməsi istehsalın artmasına səbəb olur. Qızılın hasilatı üçün əlverişli geoloji və texniki şərtlərdən faydalanılması bu tendensiyanı dəstəkləyir.

Gümüş hasilatında ehtiyatların azalması və ya yataqların istismarında yaranan çətinliklər həm texniki, həm də iqtisadi amillərlə bağlı ola bilər. Bu çətinliklər, əsasən, yataqların təbii ehtiyatlarının azalma dinamikası və qlobal bazarın konyunkturasından asılılıqla əlaqələndirilir.

Əsas prioritetlərdən biri mövcud mədənlərin daha səmərəli istismarını təmin etmək məqsədilə müasir texnologiyaların tətbiq edilməsidir. Bununla yanaşı, ölkəmizdə yeni potensial gümüş yataqlarının kəşfiyyatı üzrə geoloji tədqiqat işləri davam etdirilir.

Qızıl və gümüş istehsalındakı fərqlər qlobal bazar şərtləri ilə də izah edilə bilər. Beynəlxalq bazarlarda qızılın qiymətinin artması, bu qiymətli metalın hasilatına olan marağı artırıb. Qızılın daha yüksək bazar dəyəri hasilatı iqtisadi baxımdan daha cəlbedici edir.

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda qızıl istehsalı və ixracının həcmi artıb.

Getdikçə istehsal və ixrac göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır”.

Hazırda 2025-ci ildən bizi sayılı günlər ayırır. Adətən bayram öncəsi bu və ya digər səbəblərdən məhsul və məmulatlara tələbat artdığından onların qiymətlərində də müəyyən artımlar baş verir. Yeni İl bayramı öncəsi də insanları düşündürən məqamlardan biri daxili bazarda qızılın qiymətlərində mümkün bahalaşmanın olub-olmayacağıdır.

Məsələ ilə bağlı R. Əmircanov bildirib ki, Yeni İl bayramı ərəfəsində bu metalların qiymətinə tələbin artması gözlənilsə də, əsas istiqamət dünya bazarlarının vəziyyətindən asılı olacaq: “Bayram mövsümləri, ənənəvi olaraq qiymətli metallara, o cümlədən qızıl və zinət əşyalarına marağın artdığı bir vaxtdır.

Artan tələbat daxili bazarda qızılın qiymətinə təsir göstərə bilər. Dünya bazarındakı qiymət dəyişiklikləri ilə yanaşı, yerli bazardakı tələb də qızılın dəyərinin yüksəlməsinə səbəb olur”.