“Hər bir xalqın tarixən keçdiyi bir sivilizasiya yolu var” – İZAH EDİLDİ

0
119

“Hər bir xalqın tarixən keçdiyi bir sivilizasiya yolu var”. Bu sözləri açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bu sivilizasiya yolunda xalqın qazandığı, öyrəndiyi bilgilər, həyat bilgiləri kənd təsərrüfatının müxtəlif qolları ilə bağlı ilkin elmi, təcrübi bacarıqlar və məlumatlar, eləcə də həyatın müxtəlif tərəflərini özündə əks etdirən, daha çox təbiət hadisələri ilə bağlı olan anlayışlar mövcud olur: “Bu anlayışların bir çoxu daha sonra ya alim, filosofların, ya şair, yazıçıların əsərlərində özünü ehtiva edir.

Azərbaycan xalqında olduğu kimi hər il təkrarlanan Novruz bayramı, İlaxır çərşənbə günlərinin xüsusi mərasimlə qeyd edilməsi, folklor və etnoqrafik düşüncəmizdə daşlaşır. Belə anlayışlardan biri də özündə bir neçə mərasimi, xüsusən də qışın sonu və yazın əvvəlini birləşdirən böyük sosial-mədəni, məişət və təsərrüfat bilgiləri toplusu olan Novruz bayramı və İlaxır çərşənbədir. İstər İlaxır çərşənbə, istər ondan əvvəl yazın gəlişini göstərən çillələr, adət-ənənə və düşüncə məhsulları, Novruz bayramının təmtəraqlı keçirilməsi, süfrəsindən, səmənisindən tutmuş, digər təsəvvürlər illər deyil, əsrlər boyu Azərbaycan xalqının təsəvvüründə formalaşma dövrünü keçib. Bir tərəfdən baxanda kənd təsərrüfatı Azərbaycan xalqının əsas fəaliyyət növü idi. Kənd təsərrüfatında ilin başlanğıcı və bu başlanğıcda hansı məhsulun istehsalının daha çox xeyir verməsi, eyni zamanda müəyyən Novruz günlərinin verdiyi bilgilərdən çıxış edərək həmin ilin proqnozlarını vermək, suyun olub-olmaması, torpağın münbitliyi və başqa məsələlər insanların öyrəndiyi illər boyu tətbiq etdiyi bilgilər toplusu olaraq maraqlıdır”.

“Bütün bunları şərti olaraq Novruz ensiklopediyası adlandıra bilərik. Novruz ilkin dövrdən, uzaq Midiyadan bəri müxtəlif mərhələlər keçmək, təkmilləşdirilməklə, islahatlara tuş gəlməklə böyük sivilizasiya çərçivəsinə çevrilib. Novruz bayramı uşaqlar, cavan və yaşlı nəslin əylənməsi üçün, onların estetik, kulturoloji dəyərlərinin formalaşması, səviyyələrinin yüksəldilməsi, sivil birgəyaşarlıq üçün çox böyük imkanlara malikdir. Həm İlaxır çərşənbə zamanı, həm kosa, keçəl, xan oyunları, həm digər formatda olan müxtəlif əyləncə tamaşaları, yarışlar, qız bəyənmələr, yeznə, kürəkəni yoxlamaq və gənclərin güləşdirilməsi və sair adətlərlə yanaşı Novruzda həm də ən yeni paltarların, zinət əşyalarının nümayiş olunması üçün imkan var idi. Bu zaman həm mətbəxdə olan ana-bacılarımız, həm ilxıçılar, cins heyvanları yetişdirənlər və sair öz bacarıqlarını nümayiş etdirirdilər. Gənclərimiz üçün idman yarışları təşkil olunurdu. Çövkən, güləş, at, silah yarışları və sair keçirilirdi.

İl ərzində müxtəlif xəstəliklərin müalicəsi ilə əlaqədar bilgilərin bölüşdürülməsi, eldən-elə ümumi ordunun, dövlət orqanlarının formalaşdırılması, vergilərin verilməsi, məscidlərin tikilməsi, kasıblara kömək etmək, bir-birinə dayaq durub həyət-bacanı, evi təmizləmək və sair bütün bunlar Novruzun atributudur. Bizə deməyə imkan verir ki, Novruz yalnız özündə qədim Midiyadan gəlmə Azərbaycan xalqının adət-ənənələri deyil, eyni zamanda Azərbaycanın bəşəriyyətə təqdim etdiyi gözəl bir ənənələr toplusudur. Bu zaman biz Novruzu yalnız dini bayram, atribut kimi deyil, sivilizasiya forması kimi qəbul etməliyik. Buna görə də UNESCO Novruzu Azərbaycan,Türkiyə, İran xalqlarının müştərək bayramı olaraq dünyanın qeyri-maddi sərvətlər toplusuna daxil edib. Hər kəs bilməlidir ki, Novruz kimi bayramı olan xalq böyük, möhkəm, möhtəşəmdir və onu heç vaxt məğlub etmək olmaz” – deyə o əlavə edib.