Dünya azərbaycanlılarının bir Vətəni var – Azərbaycan!

0
168

Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin  yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpaqlarında  yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Hazırda dünyanın  müxtəlif yerlərində 50 milyondan çox azərbaycanlı yaşayır.  Onlar  dünyada baş verən müharibələr,  hərbi münaqişələr, ictimai-siyasi proseslər nəticəsində dünyaya səpələnmiş, böyük bir qismi isə  deportasiyalara məruz qalıb doğma yurdalarını  tərk etmək məcburiyyətində qalmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar və onların yalnız bir Vətəni var – Azərbaycan!
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-nin İran İslam Respublikası ilə sərhədlərin  açılması zamanı qoyuldu.   O vaxt  Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu zaman  İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 
Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan əsas vəzifələrdən biri dünya azərbaycanlılarını bir bayraq altında birləşdimək idi.  O vaxt müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında əməkdaşlıq çox zəif idi. Müxtəlif ölkələrdə  yaradılmış  icmalar kortəbii fəaliyyət göstərirdi, diasporların fəaliyyətində canlama yox dərəcəsində idi. Məhz bu səbəbdən erməni diasporları ölkəmizə qarşı istədiklərini reallaşdırır, xalqımız haqqında dünya ictimaiyyətində vəhşi,  qəddar obrazı formalaşdırır, Azərbaycanı işğalçı ölkə kimi tanıdırdılar.

Dünyada yaşayan soydaşlarımızı  yaxınlaşdırmaq, onların birliyini və həmrəyliyini təmin etmək üçün ümummilli lider Heydər Əliyev bütün imkanlardan istifadə edir, dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirir və bu istiqamətdə fəaliyyətin  daha da gücləndirilməsini vacib hesab edirdi. Dünya Azərbaycanlılarının  I Qurultayının  məhz Bakıda keçirilməsinin də əsas məqsədi bu idi. Ulu öndər 2001-ci il mayın 21-də Bakıda Dünya Azərbaycanlılarının  I Qurultayının keçirilməsi haqqında fərman imzaladı və  həmin ilin 9-10 noyabrında bu tarixi  tədbirin həyata keçirilməsinə nail oldu. 
Dünya Azərbaycanlılarının I Qurultayında  ulu öndər Heydər Əliyevin nitqi soydaşlarımızın həmrəylinə çıraq oldu. Ümummilli lider Azərbaycan diasporuna  böyük ehtiyacımızın olduğunu bildirdi: “Hamımız – siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır”. 
Ulu öndər  tövsiyə xarakterli nitqində bəyan etdi ki,  hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə qorusunlar, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar, Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar. 

Heydər Əliyevin 2002-ci il  iyulun 5-də  “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında”  imzaladığı fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu.  Bu fərman Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi.
Təməli ulu öndər  tərəfindən qoyulan milli həmrəylik ideyaları bu gün də uğurla davam etdirlir.  Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər diasporların fəaliyyətində əsaslı dönüş yaradıb. Dövlətimizin başçısının  2008-ci il 19 noyabr tarixli  sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ötən dövrün ən mühüm hadisələrindən  biri oldu.  Həmin vaxtdan  diaspor quruculuğu yeni mərhələyə qədəm qoydu və bu gün də müvəffəqiyyətlə davam etdirilir. Hazırda  Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında   təsiri getdikcə daha artıq hiss olunur. MDB  ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Dünya  azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. 

Prezidenti İlham Əliyevin  2018-ci il  5 iyul tarixli sərəncamı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən yeni saytın yaradılması və  fəaliyyətə  başlaması,  rəsmi sosial şəbəkə (Facebook, Twitter, İnstagram, Youtube kanalı) səhifələrinin hazırlanması, interaktiv olması, komitənin himni və yeni loqosunun hazırlanaraq, Azərbaycan, Türkiyə, Gürcüstan, Fransa, Almaniya, Rumıniya, Ukrayna, İsveçrə 
və s. ölkələrdə təqdimatının keçirilməsi, Diaspor TV-nin  təşkili soydaşlarımızın həmrəyliyində, bir bayraq altında fəaliyyət göstərməsində böyük rol oynayır.
Bunlarla yanaşı, ilk dəfə olaraq infoqrafik diaspor xəritəsi yaradılaraq, açıq istifadəyə təqdim edilib. Xəritədə xüsusi işarələnmiş nöqtələrin üzərinə sıxdıqda həmin ərazidə fəaliyyət göstərən diaspor təşkilatlarını və onlar haqqında informasiyaları görmək mümkündür.   Türkiyə Respublikasında müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın sayının dəqiqləşdirilməsi və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi istiqamətində işlərə başlanılması, Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi”nin  işlənib hazırlanması, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika, Amerikada Azərbaycanlıların Koordinasiya şuralarının  yaradılması, İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbinin soydaşlarımızın istifadəsinə verilməsi, xaricdə yaşayan gənclərin ölkəmizlə əlaqələrinin gücləndirilməsi və gənclərin şəbəkələşməsinə dəstək məqsədilə “Sabahın xeyir, Azərbaycan!” layihəsinə başlanılması, habelə digər tədbirlər xaricdə yaşayan soydaşlarımızla əlaqələrin daha da gücləndirilməsinə  öz təsirini göstərib. 
Belə faktları çox sadalamaq olar. Bütün bunlar bir daha təsdiqləyir ki, xarici ölkələrdə yaşayan həmvətənlərimiz daim  dövlətin diqqət mərkəzindədir. Axı hamımızın bir Vətənimiz var – Azərbaycan!

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”