Kamilə Əliyeva: Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə Ermənistan bu gün də hərbi cinayətlərini davam etdirir

0
223

Ağdam ermənilər tərəfindən işğal edilməmişdən əvvəl respublikamızın ən gözəl, müasir şəhərlərindən biri idi. Ermənilər 30 il ərzində Ağdamı talayıb viran qoydular, evlərin, binaların daşlarını belə oğurlayıb satdılar. İşğal dövründə ermənilər dini abidələrimizi, məscidlərimizi təhqir edərək orada donuz, inək saxlayıblar. Şuşa, Laçın və Kəlbəcərdə binaların və evlərin bəziləri dağıdılmayıb. Çünki Ermənistan rəhbərliyi bu evlərə xaricdə yaşayan erməniləri köçürmüşdülər.

İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma Cenevrə Konvensiyasına zidd olmaqla yanaşı, hərbi cinayət sayılır. Ermənistan dövlətinin daha bir hərbi cinayəti nəticəsində işğal dövründə ərazilərə basdırılan minaların partlaması nəticəsində 250 nəfər azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə Ermənistan dövləti bu gün də hərbi cinayətlərini davam etdirir. Minalanmış sahələrin aşkar edilib zərərsizləşdirilməsi çox vaxt apardığından dağıdılmış şəhərlərimizin yenidən qurulması işləri ləngiyir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı mərasimində işğal dövründə ermənilərin törətdikləri vəhşiliklərdən, müharibədən sonra Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət barədə ətraflı danışdı. Ermənilərin Qarabağ və Şərqi Zəngəzurda törətdikləri vəhşilikləri adi sözlərlə ifadə etmək mümkün deyil. Müharibədən sonra buraya gələn diplomatlar, xarici jurnalistlər və qonaqlar ermənilərin törətdikləri barbarlıqdan dəhşətə gəlmişdilər. 30 ilə yaxın müddətdə Ermənistan dövlətinin siyasəti danışıqlar prosesini uzatmaq və nəticədə torpaqlarımızı işğal altında saxlamaq olub. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindən təcili və qeyri-şərtsiz çıxmaları haqqında 4 qətnaməsi 28 il kağız üzərində qaldı. Bununla bağlı Ermənistana heç bir təzyiq göstərilmədi, sanksiyalar tətbiq edilmədi. Münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərin ərazilərə səfərləri zamanı ermənilərin törətdikləri vəhşilikləri, qeyri-qanuni məskunlaşmanı öz gözləri ilə görmüş, lakin Ermənistanın bu hərəkətlərini qınayacaq bəyanat belə səsləndirmədilər.

“Azərbaycan hərbi və siyasi yolla təkbaşına torpaqlarını işğaldan azad etdi. Ermənilərin ərazilərimizi tamamilə dağıtmalarına, insanlarımızın çəkdiyi əziyyət və zülmlərə baxmayaraq, Azərbaycan regionda təhlükəsizlik naminə sülhün tərəfdarıdır. Prezident İlham Əliyev sülh sazışının imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsip irəli sürüb. Əgər Ermənistan dövləti bu prinsipləri qəbul edib riayət edərsə, sülh müqaviləsi imzalanarsa, bölgədə əmin-amanlıq bərpa olunar. Dövlətimizin başçısı çıxışında Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların hüquqları digər azərbaycanlı vətəndaşların hüquqları kimi qorunacağını, bu məsələnin heç bir beynəlxalq təşkilatlarla və ölkələrlə müzakirə edilməyəcəyini vurğuladı”, – deyə K.Əliyeva qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin yaradılmasında müəyyən müsbət addımlar atılmaqdadır. Hər iki dövlətin xarici işlər nazirləri sülh sazişi layihəsinin hazırlanması üçün bir araya gəliblər. Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Ermənistan dövlətləri tərəfindən yaradılmış müvafiq komissiyalar da fəaliyyətə başlayıb. Bu məsələdə Azərbaycan tarixi sənədlərə, xəritələrə, eləcə də beynəlxalq təcrübəyə istinad edəcək.

Işğaldan azad edilmiş torpaqlarımızın sürətlə yenidən qurulduğunu diqqətə çatdıran deputat bildirib ki, keçmiş məcburi köçkünlər tezliklə mərhələli şəkildə öz doğma ocaqlarına qayıdacaqlar. “Qürurverici haldır ki, heç vaxt bu torpaqları görməyən, ata babaları bu torpaqların sakinləri olmuş vətəndaşlarımız da buraya köçüb yaşamaq arzusundadırlar. Artıq Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb. Buraya köçən insanların rahat yaşamaları və işləmələri üçün hər cür şərait yaradılmışdır. İki il müddətinə Ağdam rayonunun bir neçə kəndinin sakinləri də öz evlərinə dönəcəklər. Qarabağ və Şərqi Zəngəzur öz sakinlərinə qucaq açacaq və bu ərazilərin dirçəldirilməsi Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək”, – deyə Kamilə Əliyeva fikirlərini yekunlaşdırıb.