44 günlük müharibədə bu qədər erməni fərarilik edib – Rəsmi açıqlama

0
179

Ermənistanda 44 günlük müharibə və hərbi vəziyyət zamanı bölmələri icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina etmə maddələri ilə 756 nəfərə qarşı ittiham irəli sürülüb.

Bu barədə “Sputnik Ermənistan”a Baş prokurorluğun mətbuat xidməti baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyanın açıqlamasını şərh edərkən bildirib.

Bundan əvvəl Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan Tavuş vilayətində baş verən hadisələrdən sonra bildirmişdi ki, 44 günlük müharibə zamanı onlarda 11 min fərari olub.

Baş Prokurorluğun məlumatına görə, 44 günlük müharibə və hərbi vəziyyət dövründə (27 sentyabr 2020-ci il tarixindən 24 mart 2021-ci il tarixədək) hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə (maddə 361) maddələri ilə, Ermənistan Cinayət Məcəlləsinin (2003-cü il tarixli) fərarilik (maddə 362) və hərbi xidmətdən imtina (maddə 364), habelə digər maddələrlə birlikdə 10 687 şəxs barəsində 1786 cinayət işi başlanıb.

Bu üç maddə üzrə müvafiq olaraq 180, 132 və 444 vətəndaş təqsirləndirilən şəxs qismində cəlb edilib. 143 şəxs üzrə 118 iş məhkəməyə göndərilib.

Məhkəməyə göndərilmiş 118 işdən 58-i (təqsirləndirilən şəxslərin sayı 64-dür) üzrə məhkəmə prosesi başa çatıb, məhkəmə aktları qəbul edilib. Daha 60 iş (müttəhimlərin sayı 79-dur) məhkəmə mərhələsindədir.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Akopyanın bəyanatını şərh etməkdən imtina etmişdi.