Şimali Osetiyada Azərbaycanlı döyüşçülərə ucaldılmış abidə önündə tədbir keçirildi

0
499
Şimali Osetiyanın Ardon vilayətinin Rassvet kəndində 1996 cı ildə üzərində “Azərbaycanlı qardaşlara” yazılmış (Братьям Азербайджанцам) abidəsi ucaldılıb. Bu adidə həmin kəndin sakini heykəltəraş Lazar Xutinaev tərəfindən düzəldilib. 1942 ci ildə Ardon vilayətinin alman faşistlərindən azad edilməsi uğrunda onlarla Azərbaycanlı həlak olub. Soydaşlarımızın cəsədlərini torpağa tapşıranlar arasında Xutinaevlər ailəsi də olub ki, bu ailənin üzvü Lazar Xutinaev atası Aleksandrın vəsiyyətinə əsasən həlak olmuş əsgərlərə abidə ucaldıb. Artıq on illərdir ki, bu qardaş məzarlığını Şimali Osetiya Azərbaycanlıları yad edirlər.
Qələbənin 74 cü ildönümü ərəfəsində Şimali Osetiya Parlamentinin sədr müavini Qariy Tsutsievin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın müxtəlif regionlarındakı Azərbaycan icmalarının üzvləri ilə bərabər abidəni ziyarət ediblər
Şimali Osetiya Azərbaycanlıları Konqresi milli ictimai təşkilatının maliyyə dəstəyi ilə abidə ətrafında abadlıq işləri aparılmış, həlak olmuş əsgərlərin adları qara mərmərlərə həkk edilib.
Abidə önündə Şimali Osetiya Parlamentinin sədr müavini Qariy Tsutsiev, Şimali Osetiya Azərbaycanlıları Konqresi milli ictimai təşkilatının fəxri prezidenti Şahin
Məmmədov, həmin təşkilatın sədri Murtuz Gülməmmədov, Rusiya qəhrəmanı, Rusiya ordusu podpolkovniki Həsən Nəcəfəov, ictimai xadim, professor Fazil Qurbanov, Azərbaycanın diasporla iş üzrə Komitəsinin departament rəisi Ruslan Quliyev çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının Böyük Vətən Müharibəsindəki rolundan, Şimali Qafqazın, o cümlədən Şimali Osetiyanın azadlığı uğrunda Azərbaycan döyüşçülərinin şücaətindən danışılıb.
Məşhur telejurnalist Anar Həsənov “Azərbaycanlı Qardaşlara” abidəsinin tarixçəsindən bəhs edən telereportajını tədbirdə iştirak edən Xutinaevlər ailəsinin üzvünə təqdim edib.
Qeyd edək ki, Şimali Osetiyada soydaşlarımızın əbədi uyuduğu onlarla qardaş məzarlığı var ki, bu abidələrin abadlığı işinə Azərbaycan icması xüsusi diqqət ayırır.