Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir.
Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.
İşsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməmələrini, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edilir.