16 yaşdan kiçik uşaqlara qadağa gəlir: Qanunu pozanlar böyük cərimə ödəyəcəklər

0
29

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi hazırlayıb. Qanun qəbul olunarsa, texnologiya şirkətləri bu qadağanı pozduqlarına görə 50 milyon Avstraliya dollarına (təxminən 32,5 milyon dollar) qədər cərimə ödəyəcəklər.

Avstraliyanın rabitə naziri Mişel Rould cümə axşamı parlamentdə Onlayn Təhlükəsizlik Aktına düzəlişlər edən qanun layihəsini təqdim edib.

Rould bu tənzimləməni “dünyada aparıcı sosial media islahatı” olaraq xarakterizə edib:

“Hökumət sosial mediaya giriş üçün minimum yaş həddini 16 müəyyən edən qanun təqdim edir. Bu islahat gəncləri qorumaq və valideynlərə onların tərəfində olduğumuzu göstərmək üçündür.”

Qanun layihəsinə əsasən, sosial media platformaları yaş həddini pozan istifadəçilərin hesab açmasının qarşısını almaq üçün “ağıllı addımlar” atmalıdır. Bu addımları atmayan şirkətlərə böyük cərimələr tətbiq olunacaq. Qadağanın “TikTok”, “X”, “İnstagram” və “Snapchat” kimi məşhur platformaları əhatə edəcəyi gözlənilir, lakin qadağan olunmuş xidmətlərin dəqiq siyahısı hələ açıqlanmayıb.

Qanun layihəsi həm hökumət, həm də müxalifət partiyaları tərəfindən dəstəklənib, qəbul olunarsa, bir il ərzində qüvvəyə minəcək.