Ərəb adı qoyub, rusca çağıranlar Bakını bürüyüb

0
902

Zəhranın oğurlanması, diləndirilməsi və tapılması. Bir vaxtlar ermənilərin açdığı atəşlə 2 yaşlı Zəhranın qətli gündəm idi. Və unuduldu. Nə isə. Bu haqda xəbər və şərh yetərincədir. Mən başqa bir mətləbə toxunmaq istərdim. İki gün əvvəl axşamüstü parkda gəzərkən kafedə oturub çay içən ailənin 10-11 yaşlı oğlan uşağı velosiped sürürdü. Anası oturduğu yerdən qışqırdı: “Muxammed, daleko ne xodi”.

Orda gəzdiyim bir saatda özümdən asılı olmadan bəlkə 7-8 uşağın adını eşitdim. Onlardan cəmi biri “Farid” idi. Qalanı Quseyn, Axmed, Qeydar, Fatima… Ərəb adları. Həm də rusca. Qarasaçlı, qaragözlü azərbaycanlı ana-atalar rus dilində danışırlar. Uşaqlar da top üstündə rusca dalaşırlar. Öz dilimizdə bir söz eşidəndə adam sevinir. Bu, nə dəbdir belə?! Niyə hamı rusca danışmaq istəyir? Bilən də, bilməyən də. Ötən əsrin 70-80-ci illərində də beləydi. Bakıya ilk gəlişimdə dəhşətə gəlmişdim: hamı rusca danışırdı. O zaman biz Sovet İttifaqının tərkibindəydik. Buna görə bəlkə başa düşmək olardı. Hərçənd ermənilərdə, gürcülərdə belə deyildi. Hələ Baltikyanı ölkələri demirəm. Orda hamı rus dilini öyrənsə də, öz dilini gündəlik həyatında istifadə edirdi. Ancaq müsəlman respublikalarında, xüsusilə də Azərbaycanda rusca danışmaq elitaya mənsubluğu vurğulayan bir fakt kimi qəbul edilirdi. İndi həmin dəb müstəqil elan etdiyimiz ölkəmizdə yenidən geri qayıdıb. Yanlış anlaşılmasın: rus dilini pis bilmirəm. Həyatım boyu oxuduğum minlərlə kitabın çoxu da rusca olub. Bu gün də rus dilində oxumaqda davam edirəm. Axı kim deyir ki, rus dilini öyrənmək lazım deyil?! Rus dilini öyrənin, ancaq özünüz ruslaşmayın. Uşaqlarınıza rus dilini öyrədin. Ancaq amandır, rus kimi böyütməyin onları. Öz dilimizdən, öz millətimizdən qoparmayın. Rusca öyrənsinlər. Ancaq öz milli kimliyindən də qopmasınlar. Paradoksa baxın: Güney Azərbaycan türkləri öz dilini fars rejiminin basqısından qorumaq üçün mübarizə aparır, öz dilində oxumaq və öz türkcəsində danışmaq üçün savaşır, hətta zindanlara atılır, dara çəkilir, ancaq müstəqil Azərbaycanda adamlar uşaqlarını rus məktəblərinə qoymaq üçün basabas salıb, hər yerdə rusca danışır, uşaqlarına da ərəb adları verirlər. Niyə öz uşaqlarınıza türk adları deyil, ərəb adları, dini mənşəli adlar qoyursunuz?! Mənə ən təəccüblü gələn odur ki, bu günün Ayxan, Aysel, Günay, Tural, Türkel, Aysu… adlı ata-anaları öz uşaqlarına Zəhra, Məhəmməd, Həsən, Hüseyn… kimi adlar qoyur. Nə gündəyik biz?! Niyə beləyik?!