Ən böyük arzusuna çatan şəhidimiz – VİDEO

0
362

Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Aqil Quliyev olub. Əslən Ağdamdan olan Aqil Quliyevin ailəsi Bərdə rayonunda məskunlaşıb.

Baku TV-nin çəkiliş qrupu həmin ailənin qonağı olub.

Vüsalə ananın gözünü yolda qoyan Aqilin cəmi 20 yaşı olub. Amma qəhrəmanımızın Vətən uğrunda yaşadıqlarını sadalasaq, 20 vərəq nədir, kitablara sığmaz.

Valideynləri deyir ki, Aqil uşaqlıqdan torpağına, yurduna, bayrağına vurğun olub. Bu sevgisi o qədər güclü olub ki, həqiqi hərbi xidmət keçdikdən sonra hərbçi kimi yolunu davam etdirib.

Aqil Quliyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Alınmaz qala sayılan Şuşamızın işğaldan azad edilməsində də payı olub. Amma yüksək qayalara mərdi-mərdanə dırmaşan Aqilə bu ağır savaşdan özəl pay düşüb. Müqəddəs şəhidlik zirvəsinə yüksəlmək qismət olub Aqil Quliyevə…

Aqil özü də atasına ən ümdə arzusunu deyibmiş. Oğul itkisinə üzülən ata-ana eyni zamanda “başımız ucadır” deyərək övladları ilə qürur duyurlar. Həm də Aqilin arzusunun çin olmasına görə sevinirlər.

Aqil Quliyevin qardaşı da hərbidə xidmət edir. İndi Quliyevlər ailəsi mümkün olan ən qısa zamanda Ağdama dönməyi planlaşdırırlar. 20 yaşlı şəhid qəhrəmanımızın rahatlamış ruhunun pərvaz etdiyi yerə!