Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
15:01
Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə ortaq hərbi təlimlərə hazırlaşırlar.
Bildirilir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək. O cümlədən, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.
Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olacağı qeyd edilir.