Ədliyyə Nazirliyində videokonfrans şəklində kollegiya iclası keçirilib

0
389

Mayın 1-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videokonfrans şəklində kollegiya iclası keçirilib.

Nazirlikdən  verilən məlumata görə, iclasda qlobal pandemiya şəraitində insanların həyat və sağlamlığının qorunması, habelə iqtisadiyyatın inkişafına mənfi təsirlərin aradan qaldırılması ilə bağlı dövlət başçısının keçirdiyi sosial-iqtisadi müşavirədə və digər dövlət əhəmiyyətli tədbirlərdə verilmiş tapşırıqlardan irəli gələn ədliyyə orqanlarının vəzifələrinin icrası müzakirə olunub.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli davamlı inkişafını vurğulayıb, dünya iqtisadiyyatına böyük ziyan vuran COVİD-19 qlobal pandemiyasının ölkəmizə də mənfi təsiri nəzərə alınaraq, onun sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması ilə bağlı mühüm addımların atıldığını qeyd edib. Azərbaycanın sosial dövlət olduğunu və siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edən ölkə başçısının siyasi iradəsi ilə görülən qəti tədbirlər sayəsində xalqımızın koronavirusdan tezliklə qurtulacağına əminlik ifadə olunub. Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasına qarşı zəruri preventiv işlərin görülməsi, o cümlədən sosial izolyasiya qaydalarının və xüsusi karantin rejiminin tətbiqi, vətəndaşların ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq bu bəla ilə mübarizədə sosial həmrəylik nümayiş etdirməsi və Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunaraq 113 milyon manatdan çox ianələrin edilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərə əlavə dəstəkdir.

Eyni zamanda, dəyəri 3 milyard manatı ötən geniş sosial-iqtisadi dəstək paketinin qəbul olunması COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılmasına və əhalinin sosial rifahının qorunmasına xidmət edir. Kollegiyada ölkə başçısının iqtisadiyyatın davamlı inkişafına nail olmaq üçün bütün sahələrdə islahatların aparılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə struktur və kadr islahatlarının, gəncləşmə siyasətinin davam etdirilməsi, neqativ hallara qarşı bundan sonra da ciddi mübarizə aparılması, həmçinin, dövlət xərclərinə yenidən baxılmaqla vəsaitlərin qənaətlə xərclənməsi, bu sahədə şəffaflığın tam təmin olunması, bank sektoru tərəfindən iqtisadi inkişafa böyük dəstək verilməsinin təmin olunması, karantin rejiminə ciddi əməl edilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən koronavirusun qarşısının alınması üzrə mütəşəkkil tədbirlər görülüb, o cümlədən ədliyyə qurumlarında və məhkəmələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri elektron qaydada təşkil edilib. Bu məqsədlə pandemiya şəraitində vətəndaşların məhkəmə və ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib, o cümlədən məhkəmə qərarlarının icrası üzrə borcun və digər ödənişlərin onlayn qaydada və terminallar vasitəsilə həyata keçirilməsi və borcun ödənilməsi ilə ölkədən getmək hüququna məhdudiyyətin avtomatik qaydada dərhal aradan qaldırılması imkanı yaradılıb.

Həmçinin, müasir İKT-lərin köməyi ilə valideynlik hüququndan istifadə – uşaqla ünsiyyətə dair məhkəmə qərarlarının icrası video-əlaqə vasitəsilə təmin edilir. Bundan əlavə, nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada videoyazı vasitəsilə təsdiq edilməsi mobil xidməti istifadəyə verilib. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemi çərçivəsində xüsusi proqram vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsi təşkil edilib. Bu günlərdə həmin innovasiyalar barədə ictimaiyyət üçün geniş təqdimatlar keçirilib. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun əfv olunması barədə Sərəncamı nazirlik tərəfindən mütəşəkkil icra edilib. Həmçinin, məhkumların sağlamlığına, tibb, dərman və digər təminatlarına monitorinqlər aparılmaqla gündəlik nəzarət olunub, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi intensivləşib.

Eyni zamanda, ədliyyə işçiləri və hakimlər ölkə başçısının təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib, karantin rejimi dövründə həssas əhali qruplarına dövlət qayğısının göstərilməsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara ərzaq yardımı olunub, həmçinin işsiz şəxslərə müavinətlərin verilməsi ilə bağlı əhalinin dövlət reyestri üzrə çoxsaylı fərdi məlumatların emal olunaraq aidiyyəti üzrə vaxtında təqdim olunması təmin edilib. Nazir sosial-iqtisadi müşavirədə və digər dövlət əhəmiyyətli tədbirlərdə dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunmasını, o cümlədən qlobal pandemiyaya qarşı tibbi və profilaktik tədbirlərin gücləndirilməsini, karantin rejiminə dönmədən əməl olunmasını diqqətə çatdırıb. Həmçinin, ədliyyə sahəsində idarəçiliyin müasirləşdirilməsi məqsədilə strukturun təkmilləşdirilməsi və ştat vahidlərindən daha səmərəli istifadə olunması, kadrların peşəkarlığına xüsusi diqqətin yetirilməsi və etik davranış qaydalarına dönmədən əməl edilməsi, ədliyyə orqanları və məhkəmələr üzrə cari büdcə vəsaitlərinin yenidən baxılaraq qənaətlə xərclənməsi və izafi xərclərə yol verilməməsi ilə bağlı konkret göstərişlər verib.

Kollegiyada ölkə Prezidentinin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planından və bu mühüm sənədin icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 11.04.2020-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub, Milli Fəaliyyət Planının ədliyyə orqanlarında icrasının təşkili ilə bağlı konkret tapşırıqlar verilib. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verilərək dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, ictimai iştirakçılığın təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi üzrə genişmiqyaslı və ardıcıl tədbirlər həyata keçirilir. Ötən dövrdə bu sahədə qəbul olunmuş milli fəaliyyət planlarının icrası çərçivəsində ədliyyə orqanları tərəfindən xeyli işlər görülüb. İclasda qeyd olunub ki, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması məqsədilə qəbul olunmuş açıq hökumətin təşviqinə dair yeni fəaliyyət planı müstəsna əhəmiyyət kəsb edir. Bu münüm sənədin ədliyyə orqanları tərəfindən icrası, o cümlədən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı tədbirlər müəyyən olunub, xüsusi planlar hazırlanaraq kollegiyada təsdiq edilib. Həmin planlardan irəli gələn tapşırıqların, o cümlədən elektron ədliyyə xidmətlərinin və informasiya sistemlərinin imkanlarının artırılması, ictimai iştirakçılığın və beynəlxalq antikorrupsiya əməkdaşlığının genişləndirilməsi, antikorrupsiya və etik davranış məsələləri üzrə treninqlərin təşkili ilə bağlı və digər mühüm tədbirlərin vaxtında və dürüst icrasının təmin olunması diqqətə çatdırılıb.

Kollegiyada ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə kompleks tədbirlər vurğulanıb, o cümlədən ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər qeyd edilib. Məhkəmə Ekspertizası Mərkəzində rəhbərliyin möhkəmləndirildiyi bildirilərək bu sahədə fəaliyyətin müasir tələblərə uyğun qurulması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, o cümlədən ekspertizaların keyfiyyətli və vaxtında aparılması, ən son elmi-texniki nailiyyətlərin və müasir tədqiqat metodlarının, özəl məhkəmə ekspertiza institutunun tətbiqi, Mərkəzin strukturunun təkmilləşdirilməsi və kadrlardan səmərəli istifadə olunması, Elmi Şuranın işinin effektiv təşkili, ictimai etimadın artırılması məqsədilə şəffaflığın artırılması ilə bağlı və digər tapşırıqlar verilib.

Eyni zamanda, məhkəmə qərarlarının icrasının səmərəliliyinin yüksəldilməsi, bu sahədə rəhbərliyin və nəzarətin gücləndirilməsi, analitik işin müasir tələblərə uyğun qurulması, o cümlədən təhlillərin keyfiyyətinin artırılması üzrə görülən işlər müzakirə edilib, konkret tədbirlər müəyyən olunub. Bununla yanaşı, iclasda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı layihələrə baxılaraq təsdiq edilib. Həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.