Zibilliyə qərq olan Buzovnanın dərdi bitmir – FOTO

0
634

Bakının Buzovna qəsəbəsində zibilliyə qərq olan geniş ərazidəki problem ictimailəşdirildikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məsələyə dərhal reaksiya verilib.

Bildirilib ki, nazirlik tərəfindən aidiyyəti qurumlara ərazinin təmizliyinə nəzarət edilməsi barədə tapşırıqlar verildi.

Lakin, görünən mənzərə onu deməyə əsas verir ki, bəzi strukturlar nazirliyin təlimatlarına məhəl qoymurlar. Bir neçə gün əvvəl geniş təmizlik işləri aparılan ərazidə yenidən məişət tullantıları toplanıb.

Yerli camaat Buzovna qəsəbəsi, Haşımbəy Saqib küçəsini cəmi bir həftə təmiz görə bildiyini deyir. Bu gün çəkilən fotolardan görünür ki, artıq ərazidə vəziyyət əvvəlkindən də bərbad haldadır. Sakinlərin sözlərinə görə, yenə də yük maşınları əraziyə məişət tullantıları tökməyə davam edirlər:

“Ərazidə təmizlik işləri aparılsa da, sözügedən yerdən 100-200 metr sağ və sol tərəfdə yenidən zibillər yığılıb. Əvvəl bu ərazinin ətrafı hasarlanmışdı. Lakin sonradan hasar dağıdıldı. Ərazinin təmizliyinə nəzarət edən yoxdur. Nə qədər ki, yaxınlıqda nəzarət postu qurulmayıb təmizlikdən söhbət belə gedə bilməz. Yalnız bura zibil atanlar yerindəcə cərimələnib aidiyyəti qurumlara təhvil verildikdən sonra, ərazini təmiz saxlamaq mümkün ola bilər”.