Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə resurs müqaviləsindən imtina etməyə hazırlaşır.
Bunu Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
“O, nadir torpaq mineralları ilə bağlı razılaşmadan geri çəkilməyə çalışır və bunu edərsə, böyük problemlərlə üzləşəcəkdir”, – Tramp bildirib.
Martın 27-də “Bloomberg”in yaydığı məlumatda deyilirdi ki, Vaşinqton və Kiyev arasında tərəfdaşlıq sazişinin ABŞ Prezidenti Tramp administrasiyası tərəfindən hazırlanmış yeni variantı Vaşinqtonun Ukraynada infrastruktura və faydalı qazıntıların hasilatına gələcək investisiyalarına tam nəzarəti nəzərdə tutur. Sənəddə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti yoxdur.
Kiyev Trampın təklif etdiyi və Ukrayna infrastrukturuna və resurslarına investisiyalar üzərində ABŞ-ın tam nəzarətini nəzərdə tutan sazişin şərtlərinə yenidən baxılmasına cəhd etmək niyyətindədir. Ukrayna rəsmiləri bu sazişin ölkənin Aİ-yə üzvlüyünə mənfi təsir edəcəyindən və Kiyevi faktiki olaraq əvvəllər aldığı bütün yardımları qaytarmağa məcbur edəcəyindən ehtiyat edirlər.
Zelenski ABŞ-dan aldığı yardımı qaytarılması tələb olunan borc kimi tanımaqdan imtina edib. KİV-in məlumatına görə, Ukrayna hökuməti Vaşinqtonun təklif etdiyi sazişi itirilmiş müharibədən sonra ödəniləcək kompensasiyalarla müqayisə edib.