Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə münaqişədən təəssüfləndiyini bildirib.
O, sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım edib.
“Cümə günü Ağ Evdəki görüşümüz ümidləri doğrultmadı. Baş verənlərə təəssüflənirəm. Vəziyyəti düzəltməyin vaxtıdır”, – Zelenski qeyd edib.
Ukrayna Prezidenti sülhə nail olmaq üçün “prezident Trampın güclü rəhbərliyi altında” əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında baş tutan görüş mübahisə ilə yekunlaşıb. ABŞ lideri Ukrayna prezidentini atəşi dayandırmaq istəməməkdə ittiham edərək, Kiyevin əlində Rusiyaya qarşı münaqişədə “güclü kartların” olmadığını deyib. Bu mübahisədən sonra Zelenski Ağ Evi tərk edib.