Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampa Ukraynanın atom elektrik stansiyalarına Birləşmiş Ştatların nəzarəti ideyasına görə etiraz edib.
Bu barədə Britaniyanın “The Independent” qəzeti yazıb.
“Zelenski Trampa meydan oxuyur. O, amerikalı həmkarı Donald Trampın ölkənin nüvə enerji sektorunun ABŞ-ın nəzarəti altına alınmasının onun “ən yaxşı müdafiəsi” olacağını deməsi xəbərindən sonra “bütün atom elektrik stansiyaları Ukrayna xalqına məxsusdur” deyib. Kiyev iddia edir ki, müzakirələr yalnız Rusiyanın işğalı altında olan Zaporojye AES-ə aiddir”, – deyə Britaniya qəzeti qeyd edib.
“Financial Times” qəzeti isə yazıb ki, ABŞ Vaşinqtonun ölkənin faydalı qazıntıları və enerji aktivlərinə çıxışı üçün yeni şərtlər axtarır.
Məqalədə bildirilir ki, Vaşinqton Kiyevdən birgə investisiya fonduna kimin nəzarət etməsi, eləcə də digər aktivlərdə ABŞ-ın mülkiyyəti ilə bağlı təfərrüatlı müddəalarla razılaşmasını istəyir. Bu, xüsusilə atom elektrik stansiyalarına aiddir.