Zakir Həsənovun orduya əmri… – Polkovnik şərh etdi

0
385

Düşmən tərəfinin təxribatının qarşısı başlanmadan alınır.

Bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yeni əmri deyil, o, daim bu tapşırığı verir:

“Bizim bölmələrimiz təmas xəttində düşmənin mütəmadi olaraq bütün təxribatlarının qarşısını alır. Bu yaxınlarda Goranboy rayonu istiqamətində olan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat cəhdinin qarşısı alındı. Digər istiqamətlərdə də düşmən daim axtarışdadır. Son vaxtlar düşmən fəallaşıb, bu haqda məlumatlar da var. Atəşkəs rejimi tez-tez pozulur. Lakin bölmələrimiz ayıq-sayıqlığını itirməyərək, layiqincə cavab atəşi ilə düşməni susdururlar. Bu gün Azərbaycan Ordusunun bölmələri müasir texniki müşahidə və kəşfiyyat sistemləri ilə təmin olunublar. Onların vasitəsilə bizim əsgərlər təhlükəsiz şəraitdə düşmən ərazisini tam şəkildə nəzarətdə saxlaya bilirlər”.

Ş.Ramaldanov bildirib ki, bu gün əməliyyat şəraiti bizim bölmələrimizin tam nəzarətindədir:

“Düşmənin hər hansı hərəkətini izləyə bilirik, vaxtında qabaqlayıcı tədbirlər görürük. Buna görə də düşmən tərəfinin təxribatının qarşısı başlanmadan alınır. Tovuz hadisələri də göstərdi ki, düşmən çoxsaylı texniki və canlı qüvvə itkisinə məruz qalıb. Yəni ideoloji iş daim gedir, davam etdirilir. Bu gün əsgərlərimizin əhval-ruhiyyəsi yüksəkdir. Bu yaxınlarda ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olan Prezidentin köməkçisi Hikmət Hacıyev də bunun şahidi oldu. Bizim hərbçilər əməliyyat vəziyyətinə nəzarət edərək, hər an əmri yerinə yetirməyə hazırdırlar. Bölmələrimiz tam təmin olunur, hərbçilərimiz də öz vəzifə borclarını layiqincə yerinə yetirirlər”.

Qeyd edək ki, ötən gün Müdafiə naziri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb.

Cəbhədəki son vəziyyətə toxunan Müdafiə naziri şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.

Azərbaycan xalqının Orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.

Orduda həyata keçirilən döyüş hazırlığı tədbirləri, bölmələrin təminat və təchizatı, eləcə də döyüş qabiliyyətinin artırılması məsələlərini diqqətə çatdıran nazir həmçinin, tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.