Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş postlarında növbə çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, qışa hazırlığının vəziyyətini, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.
Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri bölmələrin daima döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.
Sonra nazirliyin rəhbər heyəti Horadiz şəhərində yerləşən aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi səfər çərçivəsində şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan “Şəhidlər bulağı”nın açılış mərasimində iştirak edib. Sonra ərazidə uzunömürlülüyün simvolu olan çinar ağacları əkilib.
Müdafiə naziri cəbhəboyu zonaya yaxın ərazidə yeni istifadəyə verilmiş mühəndis şəhərciyində də olub.
Bildirilib ki, mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb döyüş şəraitində ərazinin relyefini nəzərə almaqla yerinə yetirməsi vərdişlərini təkmilləşdirmək üçün şəhərcikdə lazımi infrastruktur yaradılıb.
Real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində xüsusi texnikanın mürəkkəb relyef və sərt iqlim şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi, həmçinin döyüş tapşırıqlarının məşq etdirilməsi nəzərdə tutulub.
Müdafiə naziri mühəndis qoşunlarının komandanlığına şəxsi heyətin döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.