Zakir Həsənov hərbi hissələrdə yoxlamaya başlayıb

0
471

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi hissələrinin döyüş qabiliyyəti, silah və hərbi texnikasının vəziyyəti, eləcə də onların döyüşə hazırolma səviyyəsi yoxlanılır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İyulun 16-da hərbi hissələrdən birində olan Müdafiə Nazirliyinin rəhbərliyi öncə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji durumunu yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olub və bu istiqamətdə qarşıda duran tapşırıqları bir daha vəzifəli şəxslərə çatdırıb.

Müdafiə naziri qərargah binası, döyüş texnikaları üçün saxlanclar, silah-sursat anbarı, avtomobil parkı, tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana, hamam-camaşırxana kompleksi, digər inzibati və xidməti obyektlərə baxış keçirib, eləcə də qoşunların döyüşə hazırolma səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.