Zəngilan aeroportu Zəngəzur dəhlizi ilə bağlı infrastrukturun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir

0
179

Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Fərmana əsasən, işğaldan azad olunmuş ərazilərimizi birləşdirən yeni iqtisadi rayonlar yaradıldı. Fərmanda məqsəd ərazilərin iqtisadi potensialından, nəqliyyat–kommunikasiya, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək və bütün bunları vahid proqram əsasında aparılmasıdır. Yeni yaradılan iqtisadi rayonlardan biri də Zəngilanın daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonudur. Bilirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzası olub və onun şərq və qərb hissəsi var idi. Təəssüf olsun ki, Zəngəzur qəzasının qərb hissəsi sonralar əsassız və qanunsuz olaraq Ermənistana verilib. Zəngilan rayonu coğrafi mövqeyinə görə Şərqi və Qərbi Zəngəzuru birləşdirən dəhliz, Qərbi Zəngəzura açılan qapıdır. Ona görə məhz belə bir iqtisadi və hərbi baxımdan strateji mövqedə yerləşən rayonda hava limanının tikilməsi nəqliyyat–kommunikasiya imkanlarının genişləndirilməsi baxımından çox vacibdir.
Bu fikirləri açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Politoloq qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasından keçən qısa müddətdə həmin bölgələrdə aparılan bərpa və yenidənqurma işləri, Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda da aeroportun açılışı Azərbaycanın postmünaqişə dövrü üçün böyük planlarının göstəricisidir.
Bu hava limanı bütün növ təyyarələrin, o cümlədən ağır yük təyyarələrini də qəbul edəcək potensialdadır. Həmçinin Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsinə, Zəngəzur dəhlizinin hava nəqliyyat infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bütün bunlar da Zəngəzur dəhlizinin açılacağı, ərazilərin beynəlxalq logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırır.
“Azərbaycan xalqı üçün bütün bunları sevincli edəcək daha bir hadisə hər zaman belə açılışlarda ölkəmizə səfər edərək bizə dəstək verən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır. Səfər qısa müddətli olsa da, bir çox nazirlərin, hökumət rəsmilərinin və iş insanlarının iştirakı ilə rəsmi dövlət səfərinə bərabər şəkildə təşkil edilib. Əlbəttə ki, bu Azərbaycana böyük dəstək, eyni zamanda, regiondakı yeni vəziyyəti qəbul etməyən, hərbi təlimlər keçirərək bizə hədə-qorxu gələcəyini fikirləşən, Ermənistanı sülhdən uzaqlaşdırmağa çalışan və revanş xəyallarına sürükləyən qüvvələrə böyük mesajdır.

Türkiyə Azərbaycan münasibətləri sülhə, yenidənqurmaya, regionun iqtisadi, nəqliyyat – kommunikasiya imkanlarından bərabər şəkildə birgə faydalanmağa söykənir. Amma Ermənistan havadarlarının məqsədi regiona təsir etmək məqsədilə müharibənin, təcavüzün davam etməsinə çalışmaqdır.
Prezidentlərin çıxışlarında belə qüvvələrin kimlər olduğunu, ikiüzlü siyasətlərini davam edəcəkləri halda onları nələrin gözlədikləri açıq şəkildə bəyan edildi. Türkiyə Prezidenti Ərdoğanın “baxıram sağıma, soluma, görürəm ki, Cəbrayılı nə günə qoyublar. Qardaşımdan soruşdum buralara ATƏT, Avropa İttifaqı gəlib baxıbmı? Dedi, gəlməyiblər, çünki bilirəm, üzləri qaradır. Bu məsələlərə görə beynəlxalq Haaqa məhkəməsinə müraciət etmək lazımdır, qoy küncə sıxılsınlar” deməsi, Azərbaycanı öz torpaqlarını azad etdiyi üçün “işğalçı” adlandıran Emmanuel Makrona, əsassız, tələm-tələsik Ermənistana nümayəndələr göndərən beynəlxalq təşkilatlara etiraz və “bizim əlimizdə sizə təsir edəcək daha güclü hüquqi əsasları olan vasitələr var” deməkdir”, – deyə Yalçın Hacızadə vurğulayıb.
O əlavə edib ki, Türkiyə Azərbaycan münasibətləri ulu öndər Heydər Əliyevin əsasını qoyduğu “iki dövlət bir millət” tezisinə əsaslanaraq Şuşa Bəyannaməsi kimi strateji müttəfiqliyi özündə əks etdirən sənədin imzalanmasına qədər şərəfli yol keçib.
Politoloq, həmçinin qeyd edib: “Görüşdə Prezident İlham Əliyevin Türkiyə – Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qarşısını aldı. Bu gün bu birliyin, qardaşlığın növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. Şuşa Bəyannaməsi bizi rəsmən müttəfiq edib. Bu birlik bölgədə çox önəmli bir amildir. Bu sülh, sabitlik amilidir” açıqlaması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin bu birliyə verdiyi önəmin, qiymətin göstəricisidir.
Yeni və müasir texnologiyaların istifadəsi, insanların rahatlığının təmin olunması və ətraf mühitin qorunması kimi komponentlərə əsaslanan bərpa və yenidənqurma işləri bəzi qüvvələri qıcıqlandırsa və məyus etsə də, Azərbaycan öz məqsədlərini əzmlə yerinə yetirir. Ölkəmiz, həmçinin ərazinin sahibi kimi bölgənin inkişafını və təhlükəsizliyini təmin edəcək siyasi, iqtisadi və hərbi gücə malik olduğunu açıq şəkildə dünyaya nümayiş etdirir”.