“Zəngəzur dəhlizi” düyünü çözülür: Maraqların toqquşduğu məqam hansıdır?

0
49

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müşahidə edilən dinamika yenidən diqqəti iki ölkə arasında kommunikasiya əlaqələrinin bərpasına yönəldib. Beynəlxalq aləmdə yaşanan kataklizmlərin dünya ticarət yollarını ciddi şəkildə təhdid etməsinin fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti getdikcə artmaqdadır. Bu dəhlizin açılması bir-biriləri ilə ciddi fikir ayrılıqlarına baxmayaraq, hazırda əks qütbdə qərarlaşan güc mərkəzlərinin də maraqlarına cavab verir. Bu məsələdə İrəvan və Bakının baxışları fərqli olsa da, ümumi məqsədin hər kəsin xeyrinə olacağı şəksizdir. Lakin ümumi məqsədə aparan yolların uzlaşdırılması ciddi fikir ayrılıqları ilə müşahidə olunur. Təbii ki, bu amil bölgədə maraqlı olan qüvvələrin geosiyasi planlarının toqquşması fonunda vəziyyəti daha da qəlizləşdirir.

Bakının dəqiq və aydın mövqeyi

Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydın və dəqiqdir. Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı gözləntilərini ən ali səviyyədə açıqlayıb. Əgər İrəvan kommunikasiyaların bərpasını istəyirsə, o zaman Naxçıvan Muxtar Respublikası ilə dəmiryolu və avtomobil yolunun bərpasına Azərbaycanın müəyyənləşdirdiyi ən qısa məsafədə razılaşmalıdır. Bu yola nəzarət isə təhlükəsizlik baxımından üçüncü tərəfə həvalə edilməlidir. Ermənistan bunu “suveren hüquqlarının pozulması” kimi təqdim etməyə çalışsa da, dünyada Azərbaycanın təklif etdiyi modelin analoqları artıq uzun illərdir ki, uğurla fəaliyyət göstərir.

Maraqların toqquşduğu məqam

Böyük güclərin maraqlarının toqquşduğu əsas məqam da Zəngəzur dəhlizinin Ermənistan üzərindən keçəcək hissəsinə nəzarətin kimin əlində olacağı ilə bağlıdır.

Təbii ki, əvvəlki planda dəhlizə nəzarətin Rusiyanın müvafiq qurumlarının əlində olacağı razılaşdırılmışdı. Lakin Ukrayna ilə müharibənin başlaması Qərbin Cənubi Qafqazda da Moskvanın mövqelərini zəiflətmək planlarını işə saldı. Nəticədə Ermənistan kuratorlarının tapşırığına əsasən, bu razılaşmaları gözardı edərək hər zaman olduğu kimi yenidən ikili oyun quraraq prosesi dalana dirədi. İndi isə ikitərəfli danışıqlarda əldə edilən irəliləyişlər fonunda biz Qərb diplomatlarının yenidən Zəngəzur dəhlizinə dair açıqlamalarını müşahidə etməkdəyik.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı bildirib ki, Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın apardıqları sülh prosesini güclü şəkildə dəstəkləyir. O bildirib ki, tərəflərin sülh istəyi sülh sazişi ilə nəticələnə bilər. “Bu, niyə vacibdir? Xəritəyə baxanda görürük ki, Mərkəzi Asiya inanılmaz dərəcədə zəngindir, lakin onların qlobal bazara çıxışı yalnız Rusiya və Çin vasitəsilə mümkündür. Əgər biz Azərbaycan və Ermənistandan keçən yolun açılmasına nail olsaq, onların qlobal bazara çıxışı olar, Rusiya və Çindən asılılıqları azalar”, – deyə Ceyms O’Brayn əlavə edib.

Göründüyü kimi, Vaşinqtonun marağı Cənubi Qafqaz və Mərkəzi Asiyada ənənəvi rəqibləri Çin və Rusiyaya qarşıdır. Vaşinqton hər vasitə ilə Zəngəzur dəhlizinə nəzarətin bu iki ölkənin əlində olmamasına çalışır.

İranın “qırmızı xətti”

Vaxtilə prosesi dalana dirəyən və Ermənistanı əvvəlki razılaşmalardan imtinaya sövq edən ölkələrdən biri də İrandır. Maraqlıdır ki, bu məsələ ilə bağlı Qərb tərəfindən səsləndirilən bəyanatların fonunda İran da ən yüksək səviyyədə Zəngəzur dəhlizinə qarşı olduğunu bir daha bəyan edib. Belə ki, İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei iyunun 30-da Tehrana gələn Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, “İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə görür və bu münasibətdə qətiyyətlidir” deyib. Xameneinin bu fikrini Nikol Paşinyan da dəstəkləyib. Bir daha Ermənistan ərazisindən hansısa dəhlizin yaradılmasına imkan verməyəcəklərini bildirib.

Sülh sazişini tamamlayacaq yekun addım

Bu məsələdə Azərbaycanın ən böyük dəstəkçisinin Türkiyə olduğu şəksizdir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl Zəngəzur dəhlizinin açılması ilə bağlı səsləndirdiyi bəyanat proseslərin dinamik hal aldığı indiki məqamda diqqət çəkir. Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır. “Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”, – deyə o bildirib.

Göründüyü kimi, okeanın o tayından başlayaraq Pekinə qədər hər kəsin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin düyünü, deyəsən, artıq çözülmək üzrədir. Bu düyünün açılması üçün isə əsas olan Ermənistan rəhbərliyinin siyasi iradə və qətiyyət nümayiş etdirməsidir. Bölgədə sülhə, iqtisadi inkişafa və inteqrasiyaya xidmət edəcək Zəngəzur dəhlizi təşəbbüsü maraqların toqquşduğu yox, uzlaşdığı və hər kəsin faydalana biləcəyi bir layihədir.