Bəzi məhsullar zəmanətli müddətlə satıldığı halda, bəzilərinə zəmanət verilmir.
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti zəmanət müddəti ilə bağlı qeyd edir:
Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir.
Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Məhsul dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
Ancaq qeyd etdiyimiz kimi, hər məhsula zəmanət verilmir. Bəs zəmanət verilməyən məhsul xarab çıxarsa, onda müştəri nə etməlidir?
Belə hal hamının başına gələ bilər. Burada müştəri ilə satıcı arasında mübahisə də yarana bilər. Lakin bunlar faktiki reallıqlardır. Ola bilər ki, alıcı ilə satıcı məsələləri bir-birinin vicdanına buraxsınlar.
Hüquq isə, zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı üçün də, satıcı üçün də hüquq tanıyır.
Belə ki, istehlakçı istehsalçı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə məlumat verməlidir.
Burada bir məqam var. Elə bir hal ola bilər ki, məhsulun zəmanətli olub-olmaması ilə əlaqədar istehlakçı ilə malı satan arasında müqavilə imzalansın. İstehlakçı bu müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iki il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
Mülki Məcəllənin 589.2-ci maddəsində bu situasiya ilə bağlı hüquqi izah verilir.
Qeyd olunur ki, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.
Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.