Zəlzələlərdən sonra Kahramanmaraşda araşdırma: Normadan 4 qat artıq radon qazı ortaya çıxdı

0
134

Türkiyənin Yıldız Texniki Universiteti (YTU) və Kocaeli Universiteti (KOÜ) tərəfindən aparılan araşdırmada fevralın 6-da baş verən zəlzələlərin episentri olan Kahramanmaraşda radon qazının səviyyəsinin normadan 4 dəfə artdığı müəyyən edilib.

Mütəxəssis Osman Günay deyib ki, torpaqda çoxlu maddə və element var və bəziləri radioaktivdir, radioaktiv maddələrin çürüməsi nəticəsində radon qazı buraxılır:

“Torpağın olduğu hər nöqtədə radon qazı var. Çünki torpağın strukturunda uran, torium və kalium var. Bunlar parçalanaraq radon qazını əmələ gətirir.

Radon qazı radioaktiv qazdır, tənəffüs yolu ilə ağciyərlərə daxil olub, orqanizmdəki DNT molekullarına və hüceyrələrinə zərər verə bilər. Bu, xərçəng yaradır”.

Ardıcıl təkanların davam etməsi səbəbindən torpaqda genişlənmələrin davam etdiyini deyən mütəxəssis vurğulayıb ki, bu səbəbdən radon qazı yuxarıya doğru yüksəlməyə davam edəcək.

O qeyd edib ki, layihənin məqsədlərindən biri zəlzələni əvvəlcədən aşkar etməkdir:

“Bugünkü bilik və texnologiya ilə biz zəlzələni dəqiq müəyyən edə bilmirik.

Zəlzələ və radon qazı ilə bağlı çoxlu araşdırma var. Bu tədqiqatlar 1966-cı il Daşkənd zəlzələsi ilə başlayır. Zəlzələdən əvvəl radon qazının artması ilə bağlı elmi araşdırmalar var. Bundan sonra aparılan bir çox araşdırmada zəlzələdən əvvəl radon qazı buraxılıb. Növbəti işlərimizi xüsusilə Mərmərə bölgəsində etməyi düşünürük”.