Zəkurə Quliyevanı necə tanıyırıq

0
1024

“Qarabağ”dan tanıdığımız imzalardan biri də vətənpərvər və döyüşkən qələm sahibinin ünvanına yazılanlar bunu daha yaxşı təsvir edər, bəlkə də

Qələminə, zəngin mənəviyyatına yaxından bələd olduğum , illərnən bir yerdə işlədiyim bir otaqda oturduğum həmkarımı bilmirəm sizlər də olduğu kimi tanıyırsınızmı?! Doğrusu mənə maraqlı gəldi, 30 ildir Azərbaycan mətbuatında çalışan, bir zamanlar düşmənin top – tüfənginin mərmiləri altında hərbi müxbir kimi və bügün də Qarabağ “qəzetinin cəfakeşi olan Zəkurə Quliyevanı necə tanıyırlar.?! Apardığım kiçik bir araşdırmadan sonra başa düşdüm ki, Zəkurə xanımla qürur duymaqda haqlıymışam. Zəkurə xanımın müxtəlif illərdə müsabiqələrdən aldığı 30 – a yaxın diplomlarını ,mükafatlarını saymayacağam. Sadəcə, Zəkurəni necə tanıyırlar?!

“Zəkurə Quliyevanın Qarabağdan yazdığı yazılar bəzən bu yaranı o dərəcə də dərinə işlədir ki, hər kəsi əlinə silah götürüb Qarabağ uğrunda döyüşlərə aparmaq səviyyəsinə qaldırır və bu yaranın sağalması üçün yeganə yolun məhz döyüş ruhunun yüksəlməsi olduğuna inandırır. Qarabağ mürəkkəb söz birləşməsindən olan qara sözü Qarabağın qara bəxti assosiasiyasını yaradır. Amma adın qara olması üzün qara olması anlamına gəlmir. Qarabağ cənnət-məkanlığı, qonaqpərvərliyi, musiqi dünyasındakı yeri, barı-bərəkəti ilə hər yerdə üzü ağ olduğu kimi , Zəkurə də alnı açıq, üzü ağdır. Kim nə deyir desin, belə tale Allahın hər yurda, hər insana bəxş etmədiyi qürur duymalı, fəxr etməli bir taledir”.
R. Cavadov, Bakı Dövlət Universitetinin professoru.

***
“Mən Zəkurə Quliyevanın qələminə, mövzularına, yazı üslubuna, bir sözlə, mənəvi dünyasına çox yaxşı bələdəm. Onun hər bir yazısı haqqında geniş danışa bilərəm. Zəngin mənəviyyatı barədə isə münasibət bildirməyə söz kifayət etməz”.
Flora Xəlilzadə, yazıçı – publisist

***
“Zəkurə xanım elinə-obasına, soyuna-kökünə bağlı qürurlu, dürüst Qarabağ xanımıdır”.
Çimnaz Əliyeva, İctimai xadim

***
“Mən Zəkurəni görəndə elə bilirəm ki, Qarabağda döyüşən igid oğullardan birini görürəm, çünki o qələmi ilə daim düşmənə qarşı döyüşüb, vuruşub. Dünənəcən öz qələmi ilə səngərlərdə, əsgərlərimizin yanında, bu gün isə köçkünlərimizin, xalqımızın keşiyində… ”
Qarabağ veteranı, Şəhid atası Hacı Əkbər Rüstəmov
***
” Zəkurə Quliyevanın yazıları bənzərsiz bir ritm üzərində köklənib. Bu kökün ayaqları üzdə deyil, çox – çox dərinliklərdədir. Çünki onun sehrli sənət dünyasına baş vurduqca sonuna qədər gedib çatmaq olmur. Mən deyərdim ki, bu düşüncələr insanın özünə dönməyinə xidmət edir, cismani, mənəvi kamilliyə xidmət edir.
… Zəkurə mövqeyi ucalarda olan bir qələm əhlidir. Mən hər zaman onun simasında qələmin şəxsiyyətin özü olduğuna inanmışam. ”
Fariz Çobanoğlu, ” Qarabağa aparan yol “qəzetinin redaktor müavini

***
“Zəkurə xanım zəhmətinin və qələminin qədrini bilən jurnalistlərimizdəndir. O haqsızlıqla heç vaxt barışmayıb. Hələ bircə dəfə onun hansısa imkanlı, pullu məmurdan bayağı, saxta təriflərdən ibarət yazısına rast gəlməzsən. Üç Qarabağ əlilinin, qeyrətli vətən oğullarının bacısıdır Zəkurə xanım. Qarabağda savaşlar getdiyi ərəfədə yeganə qadın müxbirdir ki, o qaynar döyüş nöqtələrində ektremal şəraitdə reportajlarını, məqalələrini hazırlayıb. Bu gün həmin məqalələr Qarabağda gedən döyüşlər haqqında daha dəqiq məlumatların ünvanıdır və çoxlarımız Qarabağ həqiqətlərinin arxivindən istifadə edirik. Təəssüf ki, bir çox hallarda belə istedadlı jurnalistlər hay-küyçü “müxbirciklərin” kölgəsinə düşür və lazımi dəyərini ala bilmirlər”.
Məhəmməd Nərimanoğlu, “Azərbaycan” qəzeti.

***
Zəkurə haqqında müxtəlif qəzet və jurnallarda yazılı , eləcə də şifahi yüzlərlə ziyalı sözünə , dəyərinə rast gəlmək olur. Bir əlavə də öz gördüklərimdən.
Zəkurə xanımı çoxdan tanıyıram. 1994 illərin əvvəlində tale məni Azərbaycan Nəşriyyatının 2-ci mərtəbəsində yerləşən “Qarabağ” qəzetinin redaksiyasına gətirib çıxardı. Qəzetin keçmiş əməkdaşlarından olan Eyvaz müəllim “Tale” adlı qəzet nəşr edirdi. Mən ümumi tanışların vasitəsilə bu qəzetdə ilk jurnalistlik fəaliyyətimə başladım. Elə qəzeti də bu redaksiyada ərsəyə gətirirdik. Alicənab, sədə və səmimi insan kimi tanıdığım Çingiz müəllim buna görə heç vaxt irad bildirmədi, əksinə hər zaman öz köməyini təklif etdi. Sonradan ayda iki dəfə çıxan qəzeti hər həftə çıxarmağa başladıq. Mən həmin qəzetin yeganə müxbiri idim. Amma bu sahədə qəti təcrübəm yox idi. Utandığımdan heç kimdən komək, məsləhət də istəyə bilmirdim. O dövrə qədər sırf qadın kollektivində işləmişdim, ona gorə də yeni kollektivdə sıxılırdım. Zəkurə mənim burada ən böyük dayağım -dəstəyim oldu. Bilmədiklərimi öyrətdi, doğma bacı kimi həyan oldu. Hər zaman Zəkurənin qayğı və köməyini hiss edir, bu kişik və mehriban kollektivə alışırdım. Hələ məktəb illərindən yazılarım uşaq jurnalları və qəzetlərində dərc olunsa da sözün əsl mənasında, publisistik yazılar, oçerk və reportajlar hazırlamaqda çətinlik çəkirdim. Mənim bu sahədə ilk müəllimim gözəl qələmi, birbaşa cəbhə bölgəsindən hazıradığı məqalələri ilə kifayət qədər tanınan Zəkurə Quliyeva olub . Onu mənə yalana, yaltaqlığa dözümsüzlüyü, qəlbində paxıllığa, həsədə zərrə qədər də yer olmaması, dostcanlı olması, namussuz insanlara sonsuz nifrəti, sədəliyi və səmimiyyəti sevdirmisdı. Son qəpiyini də dostları ilə bölüşürdü. Cəsarətli və sözü üzə deyəndi. Mən altı ay ərzində təcrübə qazanmaq üçün nəşriyyata gəlib gedir, “Tale” qəzeti üçün məqalələr yazırdım. Amma maaş istəməyə utanırdım. Bir gün mən olmayanda üzünü Eyvaz müəllimə tutub” o qız o qədər əziyyət çəkir, niyə ona az da olsa maaş yazmırsınız? ” demişdi. Mənim isə o vaxt bu söhbətdən xəbərim olmamışdı və ilk qonorarımı alanda çox sevinmişdim. Bu söhbəti baş redaktorum üstündən xeyli ötəndən sonra mənə danışdı. Nəşriyyatda çıxan bir çox qəzetlərə yazı verir, qanorar alırdım. Əvvəllər borc adı ilə mənə verdiyi pulları qaytarmaq istədim, götürmədi, ” mən təkəm, sənin ailən, uşaqların var, onların məktəb xərclərini qarşılamaq üçün sənə çox pul lazımdır” dedi. Zəkurə millətini, vətənini canından çox sevən adamdı və onun üçün qazi, şəhid mövzusu qirmızı cizgi idi. Heç kim bu çizgini keçə bilməzdi. Həmçinin qız-gəlinlərin namusu da ona görə eyni məna daşıyırdı. Redaksiyaya müsahibə üçün gələn, yazı gətirən gənc qadınların, tələbə qizların dalınca düşən, onlara söz atan sırtıq gədələrin qənimi idi… Mənə də hərdən böyük bacı kimi məsləhət verir, deyirdi ki, çox sadəlövhsən, adamların şirin dillərinə aldanma, sənə müxtəlif bəhanə ilə yaxınlaşanın payını elə ver ki, bir daha söz deməyə cəsarət etməsin. Qadının adına söz tez yapısır, daim diqqətli ol və namussuz adamlardan həmişə uzaq gəz. 4-5 il Aqdamdakı ata -baba evində ermənilərin Alazan raketləri altında yaşayan, qohumlarından necə adamı şəhid verən, köckünlük həyatının bütün ağırlığımı çiynlərində daşıyan Zəkurə Quliyevanın bu gün tək bir arzusu var :Qarabağa qayıtmaq! Doğmaca evinin külünün üstündə bir çadır qurub, həsrətsiz yaşamaq.
Arzularınıza çatasınız, Zəkurə xanım. Siz “Qarabağ” qəzetini Qarabağdan gətirmisiniz, Arzu edirəm ki, elə “Qarabağ” la da geriyə – doğma Qarabağımıza qaydasınız. Doğum gününüz mübarək!

Nazilə NƏRIMAN,
tədqiqatçı- jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media laureatı