Yüzlərlə insanı xilas etmiş psixoloq: intihar edənlər ölmək istəmirlər

0
1044

Çoxlu sayda insan həyatını xilas etmiş psixoloq qadın bu işin məziyyətlərindən, detallarından söz açır və bəzi təfərrüatlar adamı bir daha düşünməyə vadar edir

İntihar cəhdləri və xilas olunan həyatlar barədə oxuyanda heç də hər kəs xilasedicilər və onların işlərinin çətinlikləri barədə düşünmür. Sputnik Azərbaycan yüzlərlə insanı xilas etmiş Fövqəladə Hallar Nazirliyi yanında Xüsusi Riskli Xilasetmə Xidmətinin qadın psixoloqu ilə söhbət edib. FHN-nin baş leytenantı Samirə İbadova intihar etmək istəyənlərin xilas olunması əməliyyatlarında çox iştirak edib.

– Uçurumla üz-üzə dayanmış insanla əlaqəni necə yaradırsınız?

– Mən bu xidmətdə on ilə yaxındır işləyirəm. İntihar özlüyündə çox ağır hadisədir. İki eyni hadisə olmur: hər kəsi intihara sürükləyən özəl səbəblər olur. Ümumilikdə bu insanları ümidsizlik psixologiyası birləşdirir. Lakin intiharın qurbanlarından fərqli olaraq intihar edəcəyini göstərənlərdə hələ yaşamaq arzusu olur. Sadəcə bu yolla onlar diqqət cəlb edirlər, kömək istəyirlər. Bu o deməkdir ki, insan yaxınları tərəfindən kömək ala bilməyib və ya almayıb.

Bizim rolumuz nədən ibarətdir: ilk növbədə, insanla söhbət edəndə səmimi olmalıyıq. Əsas budur. Standart ifadə və sözlərdən çəkinmək lazımdır. Dialoqu necə qurmaq və nə demək lazım olduğunu indi demək çətindir. Biz hər bir hadisəni təhlil edirik. Bəzən, söhbətə adi sözlərdən başlayırıq. Hərdən belə etmirik. Hadisə yerinə gələndə insanın necə qışqırıdğını, hay-küy saldığını görürük. Əlaqə vəziyyətdən asılı olaraq qurulur. Lakin əsas səmimi olmaqdır. Biz problemin mahiyyətini öyrənirik və hərdən hətta nəsə etməyə ehtiyac da olmur. Sadəcə qulaq asmaq kifayət edir. Bəzi hallarda insanlar dərdlərini bölüşüb sakitləşirlər. Bu gün insanların adi ünsiyyətə ehtiyacı var.

– Praktikanızda ən yaddaqalan hadisə hansı olub?

– Bu hadisə 2011-ci ilin yayında olub. Təxminən 22-25 yaşlarında gənc qız Qız Qalasından özünü atmaq istəyirdi. Niyə bu hadisə yadımdadır? Adətən intihar etmək istəyən insanlar 90% hallarda özləri barədə bütün həqiqəti deyirlər. Problem ondadır ki, qız ğzü barədə yalan məlumat vermişdi. Bəlkə də bu onunla bağlı idi ki, bizdən əvvəl onunla başqaları, FHN əməkdaşı olmayanlar danışmışdılar. Qız demişdi ki, anası vəfat edib. Uca səslə ağlayırdı, “ana” qışqırırdı.

Lakin sonradan məlum oldu ki, onun anası sağdır. Səbəb qarşılıqsız sevgi idi, sevdiyi oğlan başqası ilə evlənmək qərarına gəlmişdi. Bunu həm də ona görə xatırlayıram ki, hadisə yayda baş verirdi. Adətən istidə və şaxtalı gündə intiharlar olmur. Lakin həmin gün çox isti idi.

Cтарший лейтенант МЧС Самира Ибадова
Fövqəladə Hallar Nazirliyi yanında Xüsusi Riskli Xilasetmə Xidmətinin qadın psixoloqu FHN-nin baş leytenantı Samirə İbadova

 

Danışıqlar bir neçə saat davam etdi. Çox çətin oldu, çünki əvvəlcə işi başqa yöndə aparırdıq, amma əslində problem başqa imiş. Həmçinin çoxsaylı kənar şəxslər və jurnalistlər problemlər yaradırdılar. Lakin nəticədə qızı uğurla endirmək mümkün oldu. Çox şükür ki, indiyədək bütün əməliyyatlar uğurlu olub. Mənim praktikamda ölümlə nəticələnən hallar yoxdur.

– Qızın sonrakı taleyi necə oldu?

– Biz sadəcə ilkin psixoloji yardımı edirik. Sonrakı tale ilə maraqlanmaq bizim vəzifəmizə daxil deyil.

– İntiharların mövsümi xarakterini dediniz…

– Bu mənim şəxsi qənaətim deyil, dünya psixoloqlarının praktikasından götürülüb. Niyə isti və şaxtalı havalarda belə hallar az olur? Çünki intihar etmək istəyən şəxs diqqəti cəlb etmək və eşidilmək istəyir. Belə insanlar şüuraltı insanların küçədə çox olduqları payız və ya yazı seçirlər. Bir də onlar adətən tarixi və insanların çox olduğu yerləri axtarırlar, məsələn, Qız Qalası və Dənizkənarı Bulvarı. Çünki insansız yerdə onları heç kim eşitməyəcək – onlar isə ölmək yox, eşidilmək istəyirlər. Lakin son zamanlar tendensiyalar dəyişməyə başlayıb. İntihara cəhdlər qışda və yayda da baş verir.

– İnsanları kəskin addımlara sürükləyən hansı əsas səbəblər var?

– Qadınlar arasında intihar cəhdləri əsasən emosional fonda, qarşılıqsız sevgidən baş verir. Kişilər arasında ailə, karyera, boşanma, işsizliklə bağlı səbəblər olur. Lakin iki eyni hadisə olmur. İnsanlar müxtəlifdir və hər kəsin öz taleyi var. Kişilər tez-tez nümayişkaranə intiharlara əl atırlar. Mənim praktikamda qrup şəklində intihar hadisəsi də olub. Əgər səhv etmirəmsə, dörd və ya altı fəhlə sahibkardan pul ala bilmədiklərinə görə yarımçıq tikilinin eyvanına çıxmışdılar. Biz hadisə yerinə gəldik, səbəbləri aydınlaşdırdıq və onları aşağı endirdik. Bəzən intihar cəhdi nümayişkaranə xarakter daşısa da, risk amili də mövcud olur. Biz təhlükəni gözardı edə bilmərik. Affekt vəziyyətində insan aşağı tullana bilər.

– Sizin həyatınız üçün təhlükəli hallarda danışıqlar apardığınız hallar olub?

– Düzünü desəm, məndə olmayıb. Lakin yadımdadır ki, bir dəfə mən qışda, yağışlı gündə palçıqlı yerdə işləyirdim. Bayıl qəsəbəsində kişi qülləyə çıxaraq tullanmaqla hədələyirdi. Mən onunla dialoq qurmaq üçün normal yerdə dayana bilmirdim. Ayaqlarım gildə batmışdılar, başa düşürdüm ki, gil məni çəkir. Palçıqdan çıxıb işimi davam etdirməli oldum. Lakin bizdə yarımçıq tikililərin üzərinə çıxan qadın psixoloqlar da olub.

Biz hadisə yerinə gedəndə heç bir şəraitə baxmırıq. Bütün fikirlərimiz insan həyatının xilas edilməsinə yönəlib. Sonradan təhlil edəndə hansı şəraitdə işlədiyimizi başa düşürük.

Cтарший лейтенант МЧС Самира Ибадова
Fövqəladə Hallar Nazirliyi yanında Xüsusi Riskli Xilasetmə Xidmətinin qadın psixoloqu FHN-nin baş leytenantı Samirə İbadova

– Əməliyyat başa çatdıqdan sonra emosional boşluq hiss etmisiz?

– Bəli, psixologiyada “emosional yanma” anlayışı var. Psixoloq olaraq mən bundan qaçmağın yolunu bilirəm. Lakin bizim xilasedicilərimiz belə hallarla qarşılaşırlar, ona görə də həmişə əməliyyatdan sonra onların vəziyyəti ilə maraqlanıram. Onlar da stress keçirə bilərlər.

Bir dəfə Yasamal rayonunda bir nəfəri xilas etdikdən sonra həmkarım etiraf etdi ki, əməliyyatın öhdəsindən asanlıqla gəlib, lakin artıq yarım saatdan sonra çox möhkəm yorğunluq hiss edib. Yəni, emosional cəhətdən tamamilə “yanıb”.

– Son zamanlar uşaqlarla bağlı bir neçə faciəvi hadisə qeydə alınıb. Həddi-buluğa çatmayanlarla işləmisiz?

– Yox. Mənim praktikamda belə şey olmayıb. Biz adətən 19 yaşdan böyük gənclərlə iş görürük. Mən intiharlar barədə məlumatı məktəblərdə yaymamağı məsləhət görərdim. Bu, uşaqlara mənfi təsir edir. Möhkəmlənmiş şüuraltısı olan böyüklər nəyin düzgün, nəyin isə səhv hərəkət olduğunu anlayırlar. Amma yeniyetmələrin əsəb sistemi zəifdir. Onlar belə məlumatları oxuyanda sanki hərəkət etmək üçün siqnal alırlar. Mən bunun əleyhinəyəm. Məsələn, abituriyentlər dalbadal özlərini öldürürlər. Əgər kimsə özünü öldürürsə, başqaları da depressiya halında imtahandan kəsiləndən sonra bu nümunəni təkrarlayırlar. Adətən belə cəhdlər ölümlə bitir.

– Sizin işinizə nə mane ola bilər?

– Hərdən kənardakı insanlar elə hesab edirlər ki, insan tullanmayacaq. Aşağıdan onu təhqir etməyə başlayırlar. Bu hər şeyi çətinləşdirir. Biz psixoloji əlaqəni quran anda hər şey məhv olur. Qonşulardan kimsə nəsə bir söz deyir və vəziyyət yenə nəzarətdən çıxır, ona görə də başlanğıca qayıtmaq lazım gəlir. Belə müdaxilələrin olmaması yaxşı olardı, lakin bu baş verir.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan