Yuxuda tənəffüsün qısamüddətli dayanması: Alimlər isti havanın təhlükəsini açıqladılar

0
55

Qlobal istiləşmə obstruktiv yuxu apnesi hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər ki, bu da diabet və ürək xəstəliklərinə gətirib çıxara bilər.

Beynəlxalq alimlər qrupunun bununla bağlı araşdırmasının nəticələri “Nature Communications” (NatCom) jurnalında dərc olunub.

Araşdırmada 41 ölkədən 116 min könüllü iştirak edib. İştirakçılar FDA (ABŞ Qida Məhsulları və Dərman Vasitələrinin Keyfiyyətinə Nəzarət İdarəsi) tərəfindən sertifikatlaşdırılmış tibbi sensorlardan istifadə ediblər və bu sensorlar yuxu parametrlərinin qeydə alınması üçün döşəklərin altına yerləşdirilib. 62 milyondan çox gecə ilə bağlı məlumatların təhlili göstərib ki, isti günlərdə apne riski 45% artır.

Alimlər hesablayıblar ki, 27 °C-dən yuxarı temperaturda yuxu apnesinin inkişaf ehtimalı növbəti gecə – təxminən 6 °C temperaturlu sərin hava ilə müqayisədə əhəmiyyətli dərəcədə artır. Avropa ölkələrində və artıq çəkili insanlar arasında xüsusilə nəzərəçarpan effekt müşahidə olunub.

Obstruktiv yuxu apnesi – yuxu zamanı tənəffüsün qısamüddətli dayanması halıdır ki, bu da onun strukturunu pozur və ciddi sağlamlıq nəticələrinə səbəb ola bilər. Onların arasında diabet, hipertoniya və yol-nəqliyyat hadisələri riskinin artması var.

Müəlliflərin fikrincə, iqlim sabitliyinin qorunub saxlanılması yuxu pozğunluqlarının və əlaqəli xəstəliklərin qarşısının alınması üçün effektiv tədbirlərdən biri ola bilər.

Alimlər hesablayıblar ki, əgər qlobal temperatur sənayedən əvvəlki səviyyələrlə (1850-1900-cü illər) müqayisədə 1,8 °C və ya daha çox artarsa, o zaman 2100-cü ilə qədər obstruktiv yuxu apnesinin yayılması 1,2-3 dəfə artacaq.