Yusif Nəğməkar-70

0
10


İstedadlı şair, yazıçı-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yusif Nəğməkar Beyləqan rayon I Aşıqlı kəndində doğulub boya-başa çatmışdır. Erkən gənclik illərindən şeirləri mətbuatda işıq üzü görüb, indiyə kimi 20-dən artıq kitabı nəşr olunub. Görkəmli şair “Qılınc və qələm”, R.Rza, M.Müşfiq və Ş.Əkbərzadə adına mükafatlar laureatıdır. 2015-ci ildə tarixi Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində yazdığı “Çanaqqala – Türkə qala” poeması ilə müsabiqə qalibi olub, həmin vaxt “Azərbaycan Bayrağı” media mükafatına layiq görülüb, “İlin şairi” adını alıb. Y.Nəğməkarın, ümumən ədəbiyyatımızda təzə görünən çoxlu sayda poetik axtarışlarının məhsulu olan tapıntıları, dünyəvi siqlətə, bəşəri duyğulara malik əsərləri toplanmış şeir kitabları geniş ictimai maraq doğurmuş, nüfuzlu ədəbiyyatşünas alimlərimiz tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Onun poeziyaya gəlişi 1977-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetinin 30 aprel tarixli sayında böyük novator şair Rəsul Rzanın “Təsadüf” adlı “Uğurlu yol”u ilə çap olunmuş “Oyuncaq mağazası” və “Ləpələr” şeirlərindən başlanmışdır.
Yubilyarı illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin şair və yazıçıları adından təbrik edir, yubilyara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.