Yusif Ağayevin seçicilərlə görüşü – Video

0
1240

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Yusif Ağayev Horadiz qəsəbəsindəki Muğam Mərkəzində seçicilərlə görüşüb. Babək Qocanın aparıcılığı ilə keçən 4 fevral görüşündə qazilər, ziyalılar, ehtiyatda olan zabitlər, o cümlədən general-leytenant Talıb Məmmədov, general-mayor Qabil Məmmədov, polkovnik Həsən Şükürov, polkovnik-leytenant Namiq Ağamalıyev, polkovnik-leytenant Azad Eminov, həkim, psixoloq Azad İsazadə, amerikalı jurnalist, yazıçı Tomas Qolts, hərbi jurnalist Əntiqə Qonaq, Qarabağ qaziləri Mirsahib Alıyev, Adil Quliyev, Razi Həsənov, Fazil Qurbanlı və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edənlər Yusif Ağayevin keçdiyi həyat yolundan, onun bir döyüşçü, Qarabağ qazisi, hüquqşünas və hərb tarixçisi kimi xidmətlərindən söz açıblar.

Tədbir konsert proqramı ilə yekunlaşıb. Əməkdar artistlər Qoçaq Əsgərov və Səbuhi İbayev xalq mahnıları, muğamlar ifa ediblər.

Horadiz Muğam Mərkəzində keçirilən bu tədbirə 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd olan digər şəxslər – Osman Kazımov, İlqar Kazımov, Cavanşir Quliyev, Bayram Hacıyev və Mübariz Sadıqlı da qatılıblar.

Ağayev Yusif Şükür oğlu əslən Füzuli rayonundandır. O, 1963-cü ildə Bakıda doğulub. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1991-1992-ci illərdə Azərbaycan Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi, 1992-1996-cı illərdə Qarabağ Qarnizonunun hərbi prokuroru, 1996-2003-cü illərdə Tərtər rayonunun prokuroru olub. Ədliyyə müşaviridir.

Yusif Ağayev həm də hərb tarixçisidir. O, türk, qazax, rus və ingilis dillərini bilir. Azərbaycanın hərb tarixi üzrə dörd kitabın, çoxsaylı məqalələrin müəllifi və həmmüəllifidir.

Yusif Ağayev Qarabağ qazisi, II qrup əlildir. Prokuror vəzifəsində çalışa-çalışa silaha sarılıb döyüşə atılan Yusif Ağayev 1992-ci ildə Füzuli, 1993-cü ildə Ağdam istiqamətində ağır yaralanıb. Düşmən mərmisinin qolundan, kürəyindən, ayağından yaraladığı Yusif Ağayev kürək sümüyünün bir hissəsini itirib. Düşmən mərmisinin bir qəlpəsi hələ də onun bədənində qalır.

2020-ci ilin fevral ayının 9-da keçiriləcək parlament seçkisində 84 saylı dairədən Yusif Ağayevin namizədliyini seçicilərin təşəbbüs qrupu irəli sürüb.