Yüksək texniki peşə təhsilini bitirənlər üçün YENİ XƏBƏR

0
416

Azərbaycanda yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaqlar.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə təhsillə bağlı da dəyişiklik edilir. Belə ki, hazırda əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. Yeni dəyişikliyə görə isə əlavə təhsil yalnız peşə-ixtisas təhsili pilləsini bitirmək haqqında sənədi olan insanların deyil, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında sənədləri olan vətəndaşların da əlavə təhsil almaq imkanını təmin edir.

Digər dəyişikliklə isə əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrlə yanaşı, təhsil müəssisələrində (indiyədək peşə-ixtisas təhsili müəssisələrində) yaradılmış müvafiq strukturlarda da həyata keçiriləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.