Yüksək təzyiqlə əlaqədar qəbul edilən qidalar

0
410

Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi sağlamlıq üçün təhlükəli hesab olunur. Belə ki, uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktı, insult, ürək çatışmazlığı, qulaqcıqların səyrici aritmiyası, aşağı ətraf damarlarının xəstəlikləri, görmə qabiliyyətinin itirilməsi və böyrək çatışmazlığı kimi fəsadlara aparıb çıxara bilər.Həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə məlumat verərək deyib: “Təzyiqin yüksəlməsinin qarşısını almaq üçün daha çox müxtəlif həblərdən istifadə edilir. Həmin dərmanların bir qrupu kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Dərmanların digər qrupunun qəbulu isə qaraciyər, mədə və mədəaltı vəzi zədələyir. Əslində yüksək təzyiq orqanizmin çağırış simptomudur və ayrıca bir xəstəlik deyil, onun kökündə hansısa bir problem durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlərə artıq çəkilərini qaydaya salmağı, aktiv həyat tərzi sürməyi, xörək duzundan az istifadə etməyi məsləhət görürük. Hipertoniya zamanı beyin, ürək, böyrək və böyrəküstü vəzi müayinə etdirmək lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi arterial təzyiqin normadan yuxarı qalxması ilə nəticələnir. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir”.

Həmsöhbətimizin dediyinə görə, təzyiqi normallaşdırmaq üçün mütləq şəkildə qidalanmaya diqqət edilməlidir. Hər gün balqabaq şirəsi içilməsi qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl detoksdur. Yemək və salatlarda limon və sirkədən istifadə etmək də faydalı nəticələr verir.

Həkim-fitoterapevt bir neçə resept də təklif edib: “1 litr suya 1 limon sıxılır, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil , 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edilərək gün ərzində içilir. 2 xörək qaşığı yemişan meyvələri termosda 3 stəkan 80 dərəcə istilikdə olan suda dəmlənilir, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Bəzən yüksək təzyiqi olan xəstələrin ayaqlarında şişkinlik əmələ gəlir. Bu zaman yemişanla birlikdə sidikqovucu kimi gilas saplaqlarından və qarğıdalı saçaqlarından istifadə edilməsi məsləhətdir. Həmin bitkidən 1 xörək qaşığı eyni qayda ilə dəmlənilib qəbul edilir. Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən 1 xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmlənilərək gündə üç dəfə yeməkdən 1 saat qabaq qəbul edilir”.

Onun dediyinə görə, bütün bu bitkilərin kompleks şəklində qəbul edilməsi bir neçə həftə ərzində təzyiqi normal vəziyyətə salır. Bundan sonra bitkilər azaldılır və müalicə proseduru yalnız yemişan dəmləməsi ilə davam etdirilir.