“Yüksək risk qrupuna aidəm, özümü qoruyuram” – Xalq Artisti

0
275

“Hal-hazırda Akademik Milli Dram Teatrında iki tamaşada baş rollarda çıxış edirəm. Bunlardan biri İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri, digəri isə Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşasıdır. Nə vaxt tamaşam olursa o günü də gedib oynayıram. Mövsümün açılışında “Qarabağnamə”-də oynadım, tam fərqli hisslərlə oynadım bu dəfə tamaşanı. Başqa bir sevinc, hiss var idi içimdə. Pandemiya ilə bağlı olaraq teatrımızda səhnələşdirilən əsərlərdə iştirakçılar da azlıq təşkil edir”

Bunu Xalq artisti Firəngiz Mütəllimova deyib. Sənətkar efirlərdə görünməməyinin səbəblərindən də danışıb.

“Televiziyada efirlərə qatılmamağım, seriallara çəkilməməyim də pandemiya ilə bağlıdır. Çünki yüksək risk qrupuna aidəm, özümü qoruyuram. İnşallah xəstə sayı azalar, pandemiya bitər, mən yenə də böyük məmnuniyyətlə efirlərə çıxıb, tamaşaçılarla görüşərəm. Sənətimə və özümə aid olan, daha çox portret verilişlərə qatılacağam. Hər verilişə çıxıb danışmağa nə həvəsim var, nə də ki, vaxtım. Bu qadağanı özümə artıq bir neçə ildir ki, qoymuşam” deyə sənətkar bildirib.

Xalq artisti Firəngiz Mütəllimova daha sonra Şuşada qeyd edilən bayramlardan da danışıb.

“Şuşada qeyd etdiyimiz bütün bayramlar hamısı yaddaşımdadır. Yadımdadır, yeni ildə məktəblərdə şənliklər olurdu, şaxta baba və qarqızla yolka ətrafında əylənirdik. Hər yeni ildə məhəlləmizə qar yağırdı, bu da bizim üçün ən böyük hədiyyə olurdu. Yeni il gecəsi qarda sürüşürdük. Bayramları ailəlikcə qeyd edirdik, qohum-əqrabalara gedib-gəlirdik. Bakıdan xalam bizə qonaq gəlirdi. Yadımdadır ki, qarın altında hinduşka basdırırdılar, çünki deyirdilər ki, hinduşkaya qar dəysin, sonra yeyin. Çox istərdim ki, yeni ili yenə də Şuşada qeyd edim. Ən çox da Novruz bayramını böyük həvəslə gözləyirdik, təntənə ilə qeyd edirdik. Tonqal qalayırdıq, üstündən hoppanırdıq” deyə aktrisa bildirib.