Yollarımız niyə çökür? – ARAŞDIRMA

0
869

Tez-tez yollarda baş verən bir hadisəyə görə küçələr bağlanır. Buna həmin yolun çökməsi, su borusunun partlaması və sair səbəbləri sadalamaq olar.

Bəs, əsas səbəb nədir? Yollarda aparılan tikinti normalara uyğundurmu? Su, kanalizasiya xətləri magistrallardan keçməlidirmi? Belə xoş olmayan “sürprizlərdən” yaxamızı necə qurtaraq?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, su və kanalizasiya xətlərinin magistral kəmərdən keçməsi mümkündür, amma hər şey tikinti normalarına uyğun olmalıdır:

“Bu xətləri magistral yolun altından eninə və uzununa uyğun keçirmək olar. Hər şey icazə verilən məsafədən və materialdan asılıdır. Babək prospektində də çökmənin səbəbi kommunikasiya xətlərinin əks-dolğu işləri zamanı kipləşdirmənin düzgün aparılmamasıdır. Birinci dərəcəli yolda borunun materialından asılı olaraq, onun üstündən üst aşınma qatına kimi olan məsafə minimum 1,5 metr olmalıdır.

Yolların tikinti normalarına əməl edən və etməyən şirkətlər var. Burada hamının adını ümumi demək yanlış olar. Məsələn, Heydər Əliyev prospekti, Bakı Hava limanına gedən yol normalara uyğun tikilib, amma şəhərin digər hissələrində bir çox yerlərdə yollarla bağlı işlər ürəkaçan deyil. Problem ondadır ki, yollardaki təmir işləri koordinasiyalı şəkildə aparılmır.

Bu işlər aparılmadan əvvəl qrafik tərtib olunur və qurumların həyata keçirəcəyi  kommunikasiya işlərinin tarixi bilinir. Amma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əlaqəli şəkildə iş aparmırlar. Məsələn, agentlik yolu təmir edir, ASC sonradan yolu qazır. Bu da yeni tikilmiş yolun qazılmasına səbəb olur”.

Rauf Ağamirzəyevin sözlərinə görə, yollar çəkilsə də, kanalizasiya xətti olmur:

“Bu da hazırda “Azərsu” ASC-nin problemidir. Bakıda məişət və yağış kanalizasiyası sistemləri ayrı deyil. Yağış suları yollardan kənarlaşdırılan zaman həmin su məişət kanalizasiyasına qoşulur. Bu, absurddur. Problem həll olunmalıdır.

Bir çox lokal yerlərdə yeni kollektor tikildi və orada son illər problem yoxdur. Amma bu lokal yox, kompleks şəkildə həll edilməlidir. Ümumiyyətlə, yağış kanalizasiya sistemi məhdud saydadır və sistem bütün şəhər üzrə 17 faiz təşkil edir. Kanalizasiya və məişət sistemləri isə yalnız Nəsimi rayonunda 100 faiz əhatə olunub”.

“Digər problem onların istismarındadır. Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri küçələri təmizləyən zaman zibillər 65 santimetrlik yağış suyu qəbuledicilərinin içini doldurur. Bu da suyun asfaltın üzərində qalaraq yolun zədələnməsinə səbəb olur.

Təmir zamanı qazılan yollar tıxaclar yaradır. Məsələn, Babək prospektinin kompleks şəkildə əsaslı təmiri bir il çəkdi və cəmiyyətdə tıxaclarla bağlı narazılıq vardı. Bunun səbəbi də alternativ yolların olmaması ilə bağlıdır. Bu problemlər həll edilməlidir”, – deyə ekspert qeyd edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, Bakı şəhərində su və kanalizasiya xətləri, əsasən, avtomobil yollarından keçir:

“Tikinti normalarına görə, su və kanalizasiya xətlərinin əksəriyyəti bu yollardan keçməlidir. Bu, dünyada qəbul olunmuş bir normadır.  Ona görə də su xətlərində qəzalara ən çox avtomobil yollarında rast gəlinir. Bu gün Bakıda 1940-1950-ci illərdə çəkilən və istismar olunan borular var. Qəzalar ən çox da bu xətlərdə baş verir.

Xətlərin yenilənməsi istiqamətində işlər görülür. Harada yollar yenidən qurulursa, tərəfimizdən su və kanalizasiya xətləri çəkirik. Məsələn, ötən il Babək prospektində Sovet dönəmində tikilmiş üç su xəttini ləğv edib əvəzində birini çəkdik. Bu işlər Təbriz, Mir Cəlal, Məsud Davudoğlu və digər küçələrdə də həyata keçirildi”.

“Əgər avtomobil yollarından keçən xətdə qəza varsa, biz onu digər qurumlardan icazə alıb sonra təmir edə bilirik. Biz Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məlumat verdikdən və onlarla razılaşdırdıqdan sonra küçələrdə qazıntı aparıb təmir işləri görürük.

Bəzən bu prosedurlar qəzaların aradan qaldırılması müddətinin uzanmasının səbəb olur. Yalnız razılaşma olduqdan sonra biz işlərə başlayırıq. Və yaxud hərəkət intensiv olan mərkəzi küçələrdə və prospektlərdə təmir-bərpa işlərini gecə saatlarında görürük. Təmir üçün yolun bir hissəsində hərəkət dayanmalıdır, bu da gündüz saatlarında ciddi tıxaca səbəb olursa, o işi gecəyə saxlamaq daha sərfəli variantdır”, – deyə ASC rəsmisi qeyd edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, şəhərlərdə bütün kommunikasiya xətləri yolun latı ilə çəkilir:

“Orada baş verən kiçik bir qəza birbaşa yola təsir edir və müəyyən problemlərin yaranmasına gətirib çıxarır. İstər bu yeni təmir olunan, istərsə də köhnə təmir olunmuş yol olsun.  Bu kimi problemlər bütün dünyada şəhərlərin problemidir. Bəzi insanların “Yeni təmir olunan yolu yenə təmir edirlər” deməsi düzgün deyil. Demək ki, zərurət yaranıb və hər hansı hissəsində təmir aparılır.

Heç bir qurum istəməz ki, onun gördüyü işdə hər hansı bir problem yaransın və buna görə onun işinə kölgə gəlsin. Bu, birmənalı şəkildə belədir. Çox adam çox şey deyə bilər, mən də hər hansı bir sahə ilə bağlı fikir söyləyə bilərəm. Amma bu, o demək deyil ki, mən haqlıyam. Çünki bunun kökündə nəyin dayandığını araşdırmadan fikir bildirirəm. Ona görə də fikir söyləməmişdən öncə bunu araşdırıb demək lazımdır”.

Anar Nəcəfli Babək prospektində baş verən çökmə hadisəsinə də münasibət bildirib.

O qeyd edib ki, prospektdə təmirlə əlaqədar hər hansı bir problem yaşanmayıb:

“Müstəqil şəkildə, müstəqil ekspertlər, müstəqil laboratoriyaların köməyi ilə orada aparılan kipləşdirməni, asfalt-beton örtüyünün keyfiyyətini yoxlaya bilər. Amma yeraltı kommunikasiya xətlərində hər hansı bir problem olur, qəza olur və bu, birbaşa yol örtüyünə təsir edir, bu zaman yolun keyfiyyətsiz təmir olunduğunu demək düzgün deyil.

Bir yolda nəyəsə görə yaranan problemə görə bütün yolları bura şamil etmək də düzgün və professional yanaşma deyil. Eyni məntiqlə Quba-Xınalıq yolunda baş verən uçqunu və yolun bağlanmasını misal gətirmək olar. Təbiət hadisəsidir və dünyanın hər bir yerində baş verə bilər və baş verir də. Bu, o demək deyil ki, yol düzgün inşa edilməyib və ya keyfiyyətli təmir olunmayıb”.