Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: Cərimələnəcəklər

0
298

“Dünəndən etibarən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində keçirilən Zəfər Günü tədbirləri ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Hansı küçə və prospektlərin bağlı olacağı barədə ətraflı məlumat verib. Təəssüf ki, bəzi sürücülər xəbərdarlığa məhəl qoymadan məsuliyyətsizlik edib və nəticədə Neftçilər prospektində maddi zərərlə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yol polisi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün intensiv fəaliyyət göstərir:

“Lakin bəzi sürücülərin məsuliyyətsizliyi nəticəsində qəzalar baş verir, tıxaclar yaranır. Sürücülərə paytaxtın mərkəzi ərazilərinə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Həmin istiqamətdə hərəkət edən vətəndaşlar ictimai nəqliyyatdan istifadə etsinlər. Eyni zamanda Neftçilər prospekti boyu dayanma-durma qaydalarına riayət etsinlər”.

Vaqif Əsədov onu da əlavə edib ki, bütün bunlar insanların təhlükəsizliyi üçündür:

Zəfər Günü böyük bayramdır. Bu bayramı gözəl şəkildə qeyd etmək üçün hər birimiz özümüzdə məsuliyyət hiss etməliyik. Yol polisinin işini daha da çətinləşdirən addımlardan çəkinmək lazımdır. Avtomobil ilə şəhərin mərkəzi istiqamətində hərəkət həm sizin vaxtınızı alacaq, həm də müxtəlif xoşagəlməz hadisələrə səbəb ola bilər. Bir anlıq düşünək ki, qanunsuz yerdə park etməklə digərlərinə ciddi maneə yaradırıq”.

Polis polkovniki qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin görüləcəyi barəsində də xəbərdarlıq edib:

“Kütləvi tədbirlər o demək deyil ki, qaydaları pozmaq olar. Yol polisi qaydalara riayət etməyən, dayanma-durmanı pozan sürücülərə qarşı inzibati qaydada tədbirlər görəcək. Bir daha sürücüləri intizamlı olmağa dəvət edir, maksimum dərəcədə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırırıq”.