Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

0
262

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən verilən məlumatda bildirilib ki, sürücülərin yuxulu və yorğun halda sükan arxasında əyləşməsi ağır yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biridir: “Belə ki, istirahət etmədən, fasiləsiz uzun müddət avtomobil idarə etmək həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün olduqca təhlükəlidir. Belə halda sükan arxasına əyləşib uzaq yola çıxan sürücülərin yol qəzası törətdikdən sonra “yuxulu olmuşam”, “yorğun olmuşam” ifadəsini işlədərək özlərinə bəraət qazandırmağa çalışması isə qəbuledilməzdir, çünki bu səbəbdən baş vermiş hadisələr bəzən bir neçə şəxsin həyatını, sağlamlığını itirməsinə gətirib çıxarır, neçə-neçə ailələrdə faciə yaşanır.

Məsələn, bu ilin iyul ayının 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində “Mercedes-Benz Vito111” markalı avtomobilin sürücüsü sükan arxasında yatır və qarşıda eyni istiqamətdə hərəkətdə olan “Howo” markalı avtomobilin arxa hissəsinə çırpılır, 5 nəfər hadisə yerində ölür, 2 nəfər yaralanır. Eyni səbəbdən oktyabr ayının 13-də Bakı şəhəri Aeroport şosesində “Mercedes-Benz” markalı yük avtomobili qarşıda gedən sərnişin avtobusuna çırpılır, nəticədə 5 nəfər həlak olur, 26 nəfər isə xəsarət alır.

Qeyd edək ki, hadisə nəticəsində sürücünün özü öldüyü halda, qəzanın onun sükan arxasında yatması səbəbindən baş verdiyini müəyyən etmək də çətin olur. Amma belə hadisələr haqda hər bir sürücü eşidir, kütləvi informasiya vasitələrində geniş məlumatlar yayımlanır, DYP tərəfindən çağırışlar edilir. Hətta inkişaf etmiş ölkələrdə də bu məsələ çox aktualdır. Elə ona görə son dövrlərdə istehsal olunan bir çox nəqliyyat vasitələrində 2 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilin salonundakı monitorda fasilə etmək barədə xəbərdarlıq mesajı əks olunur. Müşahidələrimiz göstərir ki, yenə də bu məqamlara diqqət etməyən sürücülər var. Son 2 ay ərzində təkcə respublika əhəmiyyətli avtomobil yollarında sürücülərin sükan arxasında yuxulaması səbəbindən 9 ağır yol-nəqliyyat hadisəsi baş verib. Əsasən də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülər daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, əzgin halda bir neçə dəfə gedib-gəlməyə çalışırlar. Normal yuxu rejiminə əməl etməyən insanı təbii olaraq yolda yuxu tuta bilir və ağır hadisənin baş verməsinə şərait yaranır”.

Qeyd olunub ki, bundan başqa, istehsal ili köhnə olan bəzi nəqliyyat vasitələrinin mühərrikindən ixrac olunan qazların qoxusu texniki nasazlıq nəticəsində avtomobilin salonuna daxil olur ki, bu özü də insana yuxu gətirir. Bəzən səhhəti ilə bağlı müəyyən problemlər yaşayan sürücülər olur, müxtəlif dərman preparatları içərək sükan arxasına əyləşirlər ki, həmin dərmanlar da müəyyən əzginlik, yuxululuq yarada bilir və bu da öz növbəsində yol qəzalarının baş vermə riskini artırır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün iş və istirahət rejiminə düzgün riayət etsinlər, heç olmasa 2-3 saatdan bir fasilə edib, sonra yola davam etsinlər. Sürücülərin qısa müddət dayanıb dincəlməsi mənzil başına sağ-salamat çatmaları, həm özləri, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.