
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi arasında birgə fəaliyyət proqramına uyğun olaraq mayın 20-si şagirdlər arasında “Yol hərəkəti qaydalarını öyrənək!” mövzusunda keçirilən bilik yarışının qaliblərinin mükafatlandırma mərasimi təşkil edilib.
Mərasimdə Bakı şəhəri 5, 24, 28, 54, 76, 98, 104, 128, 129, 133, 183, 211, 238, 245, 251, 260, 266 nömrəli tam orta məktəblərin şagirdləri və kollektivləri iştirak edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Tədbirdə yarışın qalibləri medal, diplom və hədiyyələrlə təltif olunub. Yarışda Bakı şəhəri 266 nömrəli orta məktəbin şagirdləri I, Bakı şəhəri 238 nömrəli orta məktəbin şagirdləri II, Bakı şəhəri 129 nömrəli orta məktəbin şagirdləri III yerin qalibi olub.
Mükafatlandırma mərasimində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elnur Mahmudov, 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi direktoru Kəmalə Abdullayeva, Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı iştirak edib. Tədbirin iştirakçıları məktəbliləri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Avtosfer.az saytı “Yol hərəkəti təhlükəsizliyinin təbliğində, bu sahədə qazanılmış təcrübənin yayılmasında və aparılan maarifləndirmə işində media dəstəyinə görə” naminasiyasında diplomla təltif olunub.
Qeyd edək ki, yarışı keçirməkdə məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, sağlam rəqabət mühitində uşaqların öz bilik və bacarıqlarını nümayiş etdirməklərinə zəmin yaratmaqdır. Tədbir hər il Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində keçirilir.