Yer üzündə gizli məkan: İnsan tarixini dəyişən qədim KÖRPÜ

0
13

20 milyon il əvvəl Yer səthində baş verən dəyişiklik təkcə qitələrin formalaşmasına deyil, həm də bəşər tarixinin gedişatına təsir edib.

Bu barədə “Nature Reviews Earth & Environment” nəşrində dərc olunan məqalədə bildirilir.

Alimlər müəyyən ediblər ki, Afrika ilə Asiyanı birləşdirən quru körpüsü Ərəbistan yarımadası və Anadolu ərazisində mantiya qatından çıxan isti süxurlar sayəsində yaranıb. Bu geoloji proses 50-60 milyon il əvvəl başlayıb və nəticədə qədim Tetis dənizi yox olub, onun yerində Aralıq və Ərəbistan dənizləri formalaşıb.

Bu körpü sayəsində heyvanlar və insanın əcdadları qitələr arasında miqrasiya edə biliblər. Asiyadan gələn primatlar Afrikada sağ qalaraq təkamül ediblər və sonradan – artıq insan kimi yenidən Asiyaya qayıdıblar.

Araşdırmanın müəlliflərindən Eyvind Straume qeyd edir ki, bu hadisə planetin geoloji təkamülünün canlı həyatın inkişafı ilə necə sıx bağlı olduğunu göstərir.

Onun sözlərinə görə, qitələrin yaxınlaşması təkcə faunaya deyil, həm də iqlimə təsir edib – Sakit okeanın axınları dəyişib, Saxara səhrası yaranıb, Asiyada mussonlar güclənib, Cənub-Şərqi Asiya rütubətli zonaya çevrilib.

Bu kəşf göstərir ki, Yer üzündə baş verən geoloji dəyişikliklər milyon illər sonra belə insanın meydana çıxmasında həlledici rol oynaya bilərmiş.