Bir vaxtlar neft gölməçələri və geniş zibil poliqonunun yerləşdiyi Balaxanı hazırda simasını dəyişərək daha çox turistik bir məkan olmaqdadır. Dövlət başçısının tapşırığı ilə burada yeni işlər görülür.
Qəsəbənin yolları yenilənir, küçələr abadlaşdırılır, su-kanalizasiya sistemi yenilənir. Bir vaxtlar Böyük İpək Yolu üzərində yerləşən Balaxanı qəsəbəsinin ötən əsrin əvvəllərindəki şöhrətinin qaytarılması istiqamətində işlər gedir.
Sabunçu Rayon İcra Hakimiyyətində verilən məlumata görə, Balaxanı qəsəbəsində görülən işlər ötən ilin sentyabr ayından start götürüb. Hazırda qədimi küçələrin restavrasiyası yekunlaşmaq üzrədir:
“Ötən ilin sentyabrından başlanılan restravrasiya və yeniləmə işlərinin artıq böyük hissəsi görülüb. Kanalizasiya xətləri dəyişdirilib, rabitə və işıq xətləri yerin altına köçürülüb. Küçələr abadlaşdırılıb, fərdi yaşayış evlərinin fasadları restavrasiya olunub, yeni yollar əsaslı təmir edilib. Ümumilikdə Balaxanı qəsəbəsinin 60 faizində bu kimi işlər görüləcək”.
RİH-dən bildirilib ki, qəsəbənin üç tarixi küçəsi var ki, orada qədimilik qorunub:
“Həmin 3 küçədə yerə daşlar döşənib, evlərin divarlarının tarixi görkəmi saxlanılıb. Bu küçələrdə işlər yekunlaşmaq üzrədir və yaxın bir ay ərzində təhvil veriləcək. Bütün qəsəbədə görülən işlərin isə, sentyabr ayında yekunlaşması nəzərdə tutulur”.
Qeyd edək ki, qəsəbədə 1636-cı ilə aid Səfəvi şahı Səfinin əmri ilə inşa edilən Karvansaray və onun yaxınlığında yerləşən Qum hamamının da bərpası aparılır. Rəsmi məlumatlarda 15-16-cı əsrə aid olduğu qeyd edilən Qum hamamı həqiqətən də qumun altında qalıb, onillərlə heç kimin diqqətini çəkməyib. Hazırda torpaq qatı təmizlənib, abidənin bərpası üçün kompleks işlər görülməkdədir.