Yeni tədris ilinə məktəblər necə hazırdır? – REPORTAJ

0
507

Sabah, yəni sentyabrın 15-dən etibarən ümumtəhsil müəssisələrində tədris prosesi başlayır.

Məktəblər Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən, hazırlanan xüsusi tələblərə uyğun olaraq fəaliyyət göstərəcəklər.

Yeni təhsil ilinin başlamasına bir gün qalıb. Bəs görəsən, məktəblər qoyulan tələbləri tam şəkildə yerinə yetirə bilibmi?

Məktəblərin hazırlıq prosesi ilə tanış olmaq üçün üz tutduq paytaxtın Səbail rayonunda yerləşən 189-190 saylı orta məktəbə.

Məktəbin həyətinə daxil olan andan yerdə şagirdlər üçün qoyulan işarələr diqqət çəkir. Belə ki, şagirdlər məktəb binasına eyni qapıdan deyil, beş fərqli qapıdan daxil olacaqlar. Bu isə şagird sıxlığının qarşısının alınmasına xidmət edir.

Məktəb binasına hər beş qapıdan daxil olan zaman girişdə dezinfeksiyaedici məhlullar, hərarət ölçən cihaz, tibbi maskalar qoyulub. Hər qapıdakı nəzarətçi uşaqların müvafiq qaydalara, sosial məsafəyə riayət edərək məktəb binasına daxil olmalarına diqqət yetirəcək. Nəzarətçilərin hər biri tibbi maska və üz sipərindən istifadə edəcək.

Məktəbin dəhlizində divarlarda pandemiya  ilə mübarizə üçün zəruri təlimatların əks olunduğu broşürlər vurulub. Lövhələrdə dərs cədvəlləri, siniflərin bölgüsünə dair qeydlər, eyni zamanda valideynlərə, şagirdlərə, müəllimlərə qoyulan tələblər öz əksini tapıb.

11 ildən çoxdur ki, məktəbin direktoru olan Ceyran Quliyeva  açıqlamasında yeni tədris ilinə tam hazır olduqlarını deyir:

“Tədris prosesi sabahdan başlayır. Təhsil nazirliyindən bütün məktəblərə nazirin əmrinə əsasən hazırlanan təlimatlar göndərilib. Bu təlimatlara müvafiq olaraq, siniflərdə şagird bölgüsü, dərs cədvəli, növbətçilik cədvəli və s. hazırlanıb. İbtidai siniflərin dərs prosesinin tənzimlənməsi üçün müəllimlərə zəruri təlimatlar verilib. Dərs prosesində əyani iştirak könüllülük prinsipi daşıyır.

Valideynlərin seçim etməsinə şərait yaradılıb və övladının əyani təhsil almasından imtina edən valideyn məktəbə yaxınlaşaraq xüsusi hazırlanmış iltizam formasını imzalamalıdır. Bundan sonra o üzərinə müəyyən öhdəlikləri götürür və övladı distant təhsil forması ilə tədris prosesində iştirak edir”.

Direktorun sözlərinə görə, əyani tədris prosesi gün ərzində 2-3 dərs olmaqla keçiriləcək:

“Dərs saatları hər biri 45 dəqiqə olacaq. Hər dərs arasında tənəffüs 10 dəqiqə çəkəcək. Uşaqların tənəffüs saatlarında dəhlizdə sıxlıq yaratmaması üçün nəzarətçi müəllimlərimiz və “Məktəblinin Dost”ları bizə kömək edəcəklər. Distant dərslər 30 dəqiqə olmaqla keçiriləcək. Eyni zamanda müəllimlərin dərs prosesinə birbaşa direktorlar nəzarət edə biləcək. Ümidvarıq ki, bu ağır, məsuliyyətli yükün altından layiqincə çıxacağıq. Valideynlərə bu prosesdə bizə maksimum dəstək olmalarını, ilk dərs günündə öz üzərlərinə düşən tələbləri yerinə yetirmələrini xahiş edirik”.

Məktəbdə bir neçə sinif otağına daxil olduq. Otaqlarda partalar arasında məsafənin gözlənilməsi və hər parta arxasında yalnız bir şagirdin əyləşməsi nəzərdə tutulub.

Hər hansı səbəbdən halı pisləşən şagird olarsa, o dərhal izolyasiya otağına aparılacaq. Direktorun sözlərinə görə, həmin uşaqla heç kəsin yaxın təmasına icazə verilməyəcək:

“Bizim xüsusi izolyasiya otağımız var. Anidən hərarəti olan, özünü yaxşı hiss etməyən şagird olarsa, o, müəllimləri tərəfindən dərhal izolyasiya otağına gətiriləcək. Burada ona ilkin yardım göstəriləcək və valideyninə məlumat veriləcək.

Valideyn gələnə qədər uşağın yanına və izolyasiya otağına kənar heç bir şəxs buraxılmayacaq. Daha sonra otaq tamamilə dezinfeksiya ediləcək. Ən azı üç saat müddətinə otağa heç kimin girməsinə icazə verilməyəcək”.

Bundan başqa məktəbdə kitabxana, idman zalı və yeməkxana fəaliyyət göstərməyəcək. Dərs prosesi bitdikdən sonra uşaqlar məktəb binasını nəzarətçilərin iştirakı ilə tərk edəcəklər. Məktəb rəhbərliyi karantin qaydalarının pozulmaması üçün bütün zəruri tədbirləri görüb.