Yeni rektor kollektivə təqdim edildi

0
20

Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Anar Nazim oğlu Eminov universitetin kollektivinə təqdim edilib.

Rektoru kollektivə təqdim edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev Anar Eminovun iş təcrübəsi və elmi fəaliyyəti barədə danışıb.

İdris İsayev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Nazir müavini bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran İdris İsayev bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.

Mingəçevir Dövlət Universitetinin yeni rektoru Anar Eminov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib. Eyni zamanda, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə təşəkkür edib.

Sonda Nazir müavini İdris İsayev öz növbəsində əldə edilən məlumatlar əsasında Mingəçevirin təhsil nailiyyətlərindən danışıb və bildirib ki, əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. İdris İsayev bir daha yeni rektora Anar Eminova gələcək fəaliyyətində uğurlar arzulayıb.